“Erməni tərəfi bu addımı atmağa hazır olmalıdır” – Arzu Nağıyev

"Azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin tutulduğu vaxtdan, 2014-cü ilin iyunundan bu məsələni izləyirik. Avropa İttifaqı Minsk qrupunun həmsədrləri ilə birgə BQXK-nın səylərini tam dəstəkləyir".

Metbuat.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib. O, bildirib ki, bu məsələyə daha geniş kontekstdə baxmaq lazımdır: “Tərəflər humanitar məsələlərin həllində bacarıq nümayiş etdirsəydi, məsələn, bir neçə girovun azad edilməsinə razı olsaydılar, bu, çox faydalı olardı və etimadın möhkəmlənməsinə kömək edərdi. Bu, cəmiyyətlərə və bütün münaqişənin toxunduğu insanlara münaqişə ilə bağlı əsas mövqelərdə kompromisə getmək məcburiyyəti olmadan danışıqlarda iştiraka hazırlığın və irəliləyişin olduğunu göstərərdi. Gürcüstana gəldikdə isə son iki il ərzində bir neçə saxlanılan şəxs azad edilib və bu, heç bir tərəf üçün neqativ nəticələnməyib, əksinə, gələcəkdə etimadın daha da möhkəmləndirilməsinə əsas ola bilər. Ola bilsin ki, bu, Dağlıq Qarabağa münasibətdə də baş versin”.

Avropa İttifaqının xüsusi nümayəndəsinin fikirləri ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyevin sözlərinə görə, Azərbaycan bu humanist addımı atmağa hazırdır: “Azərbaycan tərəfi hətta ermənilərin əsir götürülmüş hərbçiləri, eyni zamanda təxribatla məşğul olan təbliğat-təşviqat qruplarının dəyişdirilməsinə belə hazırdır. Yəni Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinə də hazırıq. Sadəcə olaraq erməni tərəfi bu addımı atmağa hazır olmalıdır. Ermənilər bunu tək separatçıların boynuna qoymaq istəyirlər, guya onlar Dağlıq Qarabağ ərazisində hansısa cinayət törədiblər deyə həbs olunublar. Avropa İttifaqı, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələni qaldırmalıdılar. Bildiyimiz kimi, Minsk qrupunun həmsədrlərindən biri Rusiyadır. Onlardan biri də Rusiya vətəndaşıdır. Beynəlxalq təşkilatlar bu məsələdə maraqlı olmalıdır, konkret olaraq bu məsələ həll olunmalıdır”.

Nəyə görə Avropa qurumları bu məsələ ilə bağlı konkret addım atmır sualına cavab olaraq politoloq bildirib ki, istər ekstradisiya, istər əsir və girovların dəyişdirilməsi, istərsə də digər addımlarda hər iki tərəfin razılığı olmalıdır: “Əgər onlar siyasi xarakter daşıyırlarsa, siyasi məsələlər kimi, hərbi məsələdirsə, hərbi məsələ kimi həll olunmalıdır. Ümumiyyətlə hər hansı bir cinayət işi sübut olunubsa və bunun qarşılığında onlara hansısa hökm elan olunubsa, bütün bunlar araşdırılıb, bu istiqamətdə qərar qəbul olunmalıdır. Avropa qurumları da münaqişənin həllini ATƏT-in Minsk qrupuna həvalə etdiyinə görə, müəyyən məsələlərdə dərinə getmək fikirləri yoxdur. Yəni hər hansı bir tərəfə sonradan deməsinlər ki, Azərbaycan üçün müsbət həll olunur, ya Ermənistan üçün müsbət həll olunur. Ona görə də düşünürəm ki, dünyada ikili standartlar var. Düzdür, ermənilər ayrı-ayrılıqda təkbətək görüşdə hər cürə addım atmağa hazır olduqlarını bildirsələr də, ümumi məsələlər ortaya çıxanda onlar ikitərəfli münasibət bəsləyirlər”.

Günay Elşadqızı / METBUAT.AZ

“Dilqəm və Şahbaz məsələsi onların marağında deyil” – Aydın Mirzəzadə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı