“O prezident yazıqdır ki, əhali kənarda qalıb, 80-90 deputat onu seçir” – Elman Məmmədov

Ötən gün Ermənistan parlamentinin növbədənkənar iclası keçirilib.

Metbuat.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, müzakirə olunan qanun layihələrindən biri də “Təhlükəsizlik Şurasının tərkibi və fəaliyyəti Haqqında” qanun layihəsidir. Layihəyə əsasən, Təhlükəsizlik Şurasına baş nazir başçılıq edəcək (Baş nazir Serj Sarkisyan özü olmaq istəyir). Baş nazirin müavinləri, müdafiə naziri, Baş qərargahın başçısı, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi, Milli Təhlükəsizlik Komitəsinin direktoru və polis rəisi onun üzvləri olacaqlar. Prezident və parlament sədri şuraya daxil edilmir.

Erməni politoloq Manvel Sarkisyan açıqlamasında deyib ki, prezident Serj Sarkisyan özü üçün inhisar müəssisəsi yaradır: “Elə bir müəssisə yaradılır ki, orada ona tabe olan insanlar olmalıdır. Baş nazirə tabe olmayacaq insanlar qurumdan kənarda qalırlar. Təəccüblüdür ki, yeni prezident Armen Sarkisyan və parlamentin indiki sədri ümumiyyətlə, bununla niyə razılaşırlar? Bu, mənim üçün anlaşılmazdır. Fikrimcə, daha heç nə bundan təhlükəli deyil. Qanun layihəsi qəbul edilərsə, bu, çox pis olacaq”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən millət vəkili Elman Məmmədov deyir ki, ümumiyyətlə, o prezident yazıqdır ki, onu 80-90 deputat seçir: “Bu gün Ermənistanda 1-1,5 milyon əhali yaşayır. Onlar kənarda qalıb, 80-90 deputat prezident seçir. Təbii ki, o, həlledici sözə, səlahiyyətə sahib olmayan vəzifəyə seçilib. Çünki Ermənistan, Konstitusiyasına dəyişiklik edərək Parlamentli idarə üsuluna keçdi. Parlamentli idarə üsulu olan dövlətlərdə həlledici sözə, səlahiyyətə malik olan Baş nazir olur. Bildiyiniz kimi, hərbi cani, Xocalıda dinc insanların, körpələrin qatili olan Serj Sarkisyan Baş nazir olmaq istəyir. O, bununla hakimiyyətin bütün səlahiyyətlərini əlində cəmləşdirmək istəyir. “Anaları” xeyir-dua verəcəksə, yəqin elə də olacaq. O ki, qaldı Təhlükəsizlik Şurasının formalaşmasına, Serj Sarkisyanın rəhbərlik etdiyi Təhlükəsizlik Şurasında da özü kimi canilər yer alacaq. Digər Sarkisyan da (Armen Sarkisyan) prezident oldu. Amma kim rəhbərlik edir etsin, o Sarkisyan, yoxsa bu Sarkisyan, Petrosyan, Qriqoryan və s. hamısı eyni cür düşünən adamlardır. Çünki o komanda cinayətkarlar, hərbi canilər, qatillər komandasıdır”.

Millət vəkili deyir inanmıram ki, onların fəaliyyətində, siyasətində nəsə dəyişiklik olsun: “Onlar yenə də qonşu dövlətlər olan Azərbaycan və Türkiyə ilə düşmənçiliyi, işğal siyasətini davam etdirəcək. Onlar heç bir qərarla, qətnamə ilə işğal faktına son qoymayacaqlar. Onları yollarından döndərə biləcək yalnız bir yol var, o da Azərbaycan ordusu və hərbi gücüdür. Yəni, kimsə düşünməsin ki, Ermənistanda prezident, Baş nazir dəyişir deyə, onlar ağıllanıb hansısa konstruktiv fikrə gələcək, sülh yolu ilə işğaldan əl çəkəcəklər. Onları yerində oturtmağın yeganə yolu hərbi gücdən istifadə etməkdir. Təhlükəsizlik Şurasında prezident və parlament sədrinin olmayacağına gəldikdə isə, bu, onların daxili işləridir, onların da özlərinə məxsus Konstitusiyası var. Yəqin ki, onların Konstitusiyasında, qanunvericiliyində belə nəzərdə tutulub”.

Günay Elşadqızı / METBUAT.AZ

“Maaşların artması vətəndaşların sosial rifahının artmasını təmin edən amildir” – Deputatlardan açıqlama


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı