“Bu təlimlər sabahkı Qarabağ döyüşləri üçün növbəti addımdır” - Polkovnik

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirir.

Metbuat.az-ın məlumatına görə, Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən, keçirilən təlimlərdə 25.000 nəfərədək şəxsi heyət, 250-dək tank və digər zirehli texnika, 1000-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 50-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlərlə bağlı fikir bildirən erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Azərbaycan Ordusunun təlimlərə başlaması Bakının mövcud status-kvo ilə barışmayacağını və yaxın zamanlarda ərazilərin azad olunması üçün hərəkətə keçəcəyini göstərir: “Ermənistanda bəziləri bunu seçkilərə hesablanmış addım kimi dəyərləndirir, halbuki, bu yanaşma özünü aldatmaqdır. Çünki İlham Əliyevin buna ehtiyacı yoxdur. Bu addım seçkidən sonra gedişlərdən xəbər verir. İlham Əliyev həmsədr ölkələrinə göstərir ki, Qarabağdakı status-kvo ilə barışmayacaq”. Erməni şərhçi hesab edir ki, rəsmi Bakı bu siyasətini davam etdirərək, seçkidən sonra istədiyinə nail olacaq.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, bu, planlı təlimdir, nə seçkilərə hesablanıb, nə də başqa hansısa siyasi məsələyə: “Bəli, razıyam ki, bu təlimlər Qarabağ məsələsinə bağlıdır. Çünki Azərbaycanın əsgər hazırlığından tutmuş böyük təlimlərə kimi hamısı bir istiqamətə yönəlib. Əgər sabah Ali Baş Komandanın Qarabağ məsələsinin həlli ilə bağlı əmri olsa, bu hərbi hissələr, birləşmələr əmri yerinə yetirmək üçün hazır olmalıdır, döyüş vəziyyətində, döyüş qabiliyyətində olmalıdılar və tapşırığı yerinə yetirməyə qadir olmalıdılar. Bu mərhələyə çatmaq, tapşırığı yerinə yetirmək üçün əlbəttə ki, döyüş hazırlığı aparmaq lazımdır, təlimlər keçirilməlidir. Çünki təlim əsgərdən tutmuş komandirə kimi hər bir hərbçinin fəaliyyətinin ən yüksək pilləsidir. Yəni, ondan o tərəfə artıq döyüşdür.

Döyüşə qədər olan onun praktiki fəaliyyətini yoxlamaq, təkmilləşdirmək, hansısa nailiyyətləri əldə etmək üçün ən real olanı hərbi təlimlərdir. Azərbaycan düşmənlə üz-üzə durub, ölkəmizin düşməni bəllidir və cənab prezident dəfələrlə torpaqlarımızın işğaldan azad olması ilə bağlı mövqeyini bildirib. Mövqeyimiz də ondan ibarətdir ki, cənab prezidentin dediyi kimi, Azərbaycan heç vaxt razı olmayacaq ki, torpaqlarımızda ikinci erməni dövləti yaradılsın. İşğal altında olan torpaqlarıımız hansı yolla olursa-olsun, güc yolu ilə də olsa, azad ediləcək. Bu gün beynəlxalq qurumlar artıq iflic vəziyyətinə düşüb, Qarabağ məsələsi ilə bağlı Ermənistan onları eşitmir, konstruktiv mövqe tutmur və Azərbayvan üçün başqa seçim qalmır, bircə güc variantı qalır. Güc variantı ilə bağlı da artıq Silahlı Qüvvələrin Ali Baş Komandanı öz münasibətini bildirib.

O ki, qaldı irimiqyaslı təlimlərə, bu təlimlər əvvəlcədən planlaşdırılıb və seçkilərə heç bir aidiyyatı yoxdur. Təbii ki, bütün bu təlimlər Qarabağa yönəlib. Azərbaycan Silahlı Qüvvələri daim öz peşəkarlığını artırır və təkmilləşdirir ki, sabah işğalçı ordunun qüvvələrini darmadağın edib, ərazi bütövlüyünü bərpa etməyə hazır olsun. Bu cür təlimlər ötən il də, ondan əvvəlki illərdə də keçirilib. Əlbəttə ki, təlimdən-təlimə Azərbaycan Ordusu daha da güclənir, təkmilləşir. Bu təlimlərin özəlliyi ondan ibarətdir ki, artıq Azərbaycan bəyan edib ki, bu təlimlər Qarabağda ola biləcək döyüş üçün ssenariyə uyğundur, ərazisi onun ərazisinə yaxındır. Bu da təbii proseslərdir. Hər bir ölkədə təlimlər müəyyən bir ssenari ilə olur və bu da gələcək döyüşlərdə ola biləcək ssenariyə uyğunlaşdırılır. Bu təlimlərdə Azərbaycan Ordusu öz peşəkarlığını bir daha göstərəcək. Bu təlimlərə qədər bilirsiz ki, Silahlı Qüvvələr müəyyən silahlar alıb, Azərbaycanın silah bazasına yeni silahlar gəlib. Əlbəttə, bu gün o silahların istifadəsi, tətbiqi, mütəxəssislərin silahlarla davranışı bu təlimlərdə yoxlanılacaq. Kompleks şəkildə qarşıya qoyulan böyük məqsədlər, tapşırıqlar var. Bu tapşırıqlar çox mürəkkəb, çox ciddi, böyük peşəkarlıq tələb edən tapşırıqlardır. İstər qərargahlardan, istər komandirlərdən, istərsə də şəxsi heyətdən böyük peşəkarlıq tələb olunur. Bu təlimlərə Azərbaycan Müdafiə Nazirliyinin bölmələri, hissələri, birləşmələri müəyyən hazırlıq dövrü keçiblər. Həmin hazırlığı da indiki təlimlərdə nümayiş etdirirlər. Düşünürəm ki, bu təlimlər öz nəticəsini verəcək və Azərbaycan Ordusu növbəti pilləyə öz peşəkarlığı ilə, təcrübəsi ilə keçəcək. Dediyim kimi, bu təlimlər sabahkı Qarabağ döyüşləri üçün növbəti addımdır, platformadır”.

Günay Elşadqızı / METBUAT.AZ

“Azərbaycana qarşı haqsızlığa göz yumanlar münaqişənin fəsadlarından əziyyət çəkəcəklər” - Politoloq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı