“Onlar anti-Azərbaycan qüvvələrin əlində alətdilər” – Vüqar Rəhimzadə

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir neçə gün öncə sosial şəbəkə vasitəsilə Azərbaycandan kənarda yaşayan və hakimiyyəti, dövlətini, millətini təhqir edən, söyüş söyən insanlarla bağlı fikirlərini qeyd edib.

PA rəsmisi bildirib ki, xaricdə yaşayan bəzi azərbaycanlılar bu gün bizim mili davanın sıra əsgərləri deyil, düşmənlərimizin sırasında və ön cərgəsində dayanıblar: “Onların Azərbaycan dövlətinə qarşı aksiyaları belə sinxrondur - eynilə bu gün ABŞ-da iaşə müxalifəti və separatçı qurumun planlaşdırdığı aksiyalar kimi. Vətənpərvərlik duyğusunu, Vətən əxlaqını itirmək böyük faciədir. Bu, sadəcə bir fərdin və onun mənsub olduğu ailənin problemi deyil, belələri anti-Azərbaycan dairələrin əlində alətə çevrildikləri üçün bütün xalqımızın problemidir. Bu problemin çözümü ilə ilk növbədə ailələr və xaricdə yaşayan, Vətən əxlaqını qoruyan, Cümhuriyyətin qurucularının mühacir irsinin mənəvi varisi deyə biləcəyimiz diaspor nümayəndələrimiz məşğul olmalıdır...”

YAP siyasi şurasının üzvü Vüqar Rəhimzadə Metbuat.az-a açıqlamasında qeyd edib ki, həmin adamlar vətəndən kənarda Azərbaycan xalqına, ziyalılarına, iqtidarına, iqtidarda çalışan insanlara qarşı şər-böhtan kampaniyası yürüdürlər:

“Onlar Azərbaycan tarixini, cəmiyyətini təhqir edirlər, Azərbaycanda müasirliyi, keçmişi çox ağır təhqirlərə məruz qoyurlar. Hesab edirəm ki, bu, qəbulolunmazdır. O insanlar Azərbaycana düşmən olan, qənim kəsilən insanların əlində vasitədir, alətdir. Onlar maliyyə dəstəyi və ya digər vasitələrlə ermənilərin, ermənipərəst qüvvələrin əlində alət olaraq Azərbaycana qarşı yönəlmiş, qənim kəsilmiş insanlardılar. Onlarla hamılıqla mübarizə aparmaq lazımdır. Onların videolarını izləyəndə görürsən ki, Azərbaycan ədəbiyyatını, mədəniyyətini nə qədər aşağılayırlar, təhqir edirlər. Insanlığa sığmayan təhqiramiz sözlər, söyüşlər onların artıq xarakterini, xüsusiyyətini ortaya qoyur. Küçə söyüşləri söymək onların nə qədər cılız işlərlə yaşadıqlarını, nə qədər cılız insan olduqlarını təsdiq edir. Hamı, bütün cəmiyyət o cür insanlara qarşı mövqeyini ortaya qoymalıdır. O insanlara azərbaycanlı demək olmaz. Onlar anti-Azərbaycan qüvvələrin əlində alətdilər”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı