Topaz Premyer Liqasının XXII turunda "Qarabağ"ın qonağı olan "Səbail" 0:1 hesabı ilə yenilib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qarşılaşmadan sonra "Səbail"in futbolçusu Faruk Miya jurnalistlərin suallarını cavablandırıb.
- Oyun istədiyiniz kimi keçdi?
- Penalti qərarının doğru olub-olmadığını bilmirəm. Amma hakim belə qərar veribsə, deməli, var idi. "Qarabağ" qalib gəlsə də, onlar üçün asan oyun olmadı. Rəqibimiz böyük komandadı, Çempionlar Liqasında iştirak edib. Futbolda hər şey ola bilər. "Qarabağ" güclüdü. Amma 90 dəqiqə ərzində bir qol vurdular, onu da penaltidən. Meydan düz, top yumrudu. Şərait hər iki komanda üçün eynidi.
- "Standard"dan "Səbail"ə gəldiyiniz üçün peşman deyilsiniz? Hər halda Belçika futbolu ilə Azərbaycan futbolunun səviyyəsi bir deyil...
- Qətiyyən peşman deyiləm. Bu addımı istədiyim üçün atdım. Qürur duyuram ki, "Səbail"dəyəm.
- Meneceriniz açıqlamışdı ki, bura gəlməyinizdə məqsəd Azərbaycandan daha iddialı çempionata getməkdi. Bu, nə dərəcədə realdı?
- Bu, çox şeydən asılıdı. Bu haqda mövsümün sonunda nəsə demək olar. 7 oyun keçirmişik və onun 6-da çıxış etmişəm. Mövsümün sonunda baxacağıq.
- Uqandada sizdən Azərbaycan haqda soruşurlarmı və ölkəmiz onlar üçün qəribə gəlmir?
- Azərbaycan haqda danışanda ilk olaraq "Qarabağ" gözlərinin önünə gəlir. Çünki bu komanda Çempionlar Liqasında oynayıb. Mən bura gələndə ərəb ölkələri kimi olacağını gözləyirdim. Amma gördüm ki, burdakı şərait qat-qat yaxşıdı. Belə bir şəhəri gördüyüm üçün xoşbəxtəm.
- 26 illik Azərbaycan çempionatında ilk uqandalı futbolçusunuz. Bu barədə məlumatınız varmı və sizin üçün nə dərəcədə önəm kəsb edir?
- Burda olduğum üçün xoşbəxtəm. Mənim üçün yeni təcrübədi. Yeni futbolçular, yeni çempionat gördüm.
- Azərbaycan dilində hansı sözləri bilirsiniz?
- "Salam", "sağ ol" sözlərini bilirəm. Bəzi sözlər yadımdan çıxıb.
- Baş məşqçi çox tələbkardı?
- Deyə bilmərəm ki, aqressivdi. Hər məşqçi qələbə qazanmaq istəyir. Əgər qalib gəlmək istəyirsənsə, tələbkar olmalısan.
Milli.Az