“Seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini əks etdirdi” – Aydın Mirzəzadə

“Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.

Metbuat.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev ötən gün Milli Məclisdə andiçmə mərasimindəki çıxışı zamanı deyib. Dövlət başçı bildirib ki, prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib: “Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs verib. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir”.

Dövlət başçısı qeyd edib ki, 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm: “Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik.Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.

Son 15 il ərzində bu yolla gedərək biz böyük uğurlara imza atdıq, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamışdır. Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verirdi: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçmişdir. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşamışdır.

Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı bu 15 il ərzində sabitlik şəraitində yaşamışdır. Bu da inkişafımız üçün əsas şərtdir.Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz.Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür.Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir.Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.

Millət vəkili Aydın Mirzəzadə Metbuat.az-a açıqlamasında bildirib ki, dövlət başçısının dediyi sözlərinin hər birində bir məna, böyük tarix var: “Birincisi, xalq-iqtidar birliyi o vaxt baş verir ki, iqtidar düzgün siyasət yeridir, əhalinin maraqları nəzərə alınır, üzərinə düşən vəzifələr yerinə yetirilir, iş yerləri yaradılır, maaşlar artırılır, sosial obyektlərin tikintisə diqqət ayrılır. 15 il ərzində ölkədə 3100-dən artıq məktəb, 610 xəstəxana və klinika tikilib, 1 milyondan çox iş yerləri yaradılıb. Bunlar kiçik bir ölkə üçün çox böyük rəqəmlərdir. Bütün bunlar xalq-iqtidar birliyi nəticəsində yaranıb. Cənab prezidentin tez-tez regionlara səfər etməsi, ayrı-ayrı məsələlərlə bağlı müşavirələr keçirməsi, sadə insanlarla görüşməsi, onları dinləməsi və s. bütün bunlar sonda 86% səs toplanmasına gətirib çıxarır.

Avropa ölkələrində 15 ildə çox böyük proseslər baş verib. Hansı ki, Azərbaycan bundan yan qaça bilib. Daxili risklər odur ki, ölkəmizdə vətəndaş müharibəsi, multikulturalizmə təhlükə yoxdur, Azərbaycan vətəndaşları hər dəfə daha yaxşı yaşadığını hiss edir, yəni, o cür sosial gərginliklər yoxdur, sahibkarlar kütləvi şəkildə obyektlərini bağlamırlar. Daxili risk o baxımdan yoxdur ki, dini qarşıdurma, xaricdən Azərbaycana hər hansı formada müdaxilə yoxdur, hüquqi-demokratik dövlət qurulub. Sadaladıqlarımın hamısı daxili risklərə aparıb çıxaracaq amillərdir, ancaq ölkəmizdə hər şey hüquq çərçivəsində həll olunur.

Baxmayaraq ki, kiçik bir ölkəyik, bir çox məsələləri yeni qururuq, təcrübəmiz hələ kifayət qədər çox deyil, 2015-ci ildən 2017-ci ilə qədər manatın stabilliyini qoruyub saxladıq, valyuta ehtiyatlarımızın axıb getməyinə imkan vermədik, hazırda 44 milyard dollar ABŞ dolları valyuta ehtiyatımız var. Valyuta ehtiyatlarımız 15 il ərzində 24 dəfə artıb. Bu balaca rəqəm deyil. İnfrastrukturalımız yaxşılaşıb, insanların mənzillə təminatında çox böyük işlər görülür. Bununla da Azərbaycan, stabil, inkişaf edən dövlətçilik təcrübəsilə maraq doğuran ölkə imicini qazanıb”.

Millət vəkilinin sözlərinə görə, bu günlərdə Azərbaycanla yanaşı Ermənistanda da yeni hakimiyyətin formalaşması prosesi gedir: “Bizdə stabillikdir, cəmiyyət iqtidara inanır. Ancaq onlarda qarşıdurma, hakimiyyət böhranı var, etirazçılar açıq şəkildə bəyan edirlər ki, bu gün Ermənistanda əhalinin sürətlə miqrasiya prosesi gedir, insanlar kasıblaşır, oliqarxlar daha da varlanır. Bütün bunlar Azərbaycandan yan keçir. Kimsə fikirləşirsə ki, onsuz da bu baş verəcəkdi, çox böyük yalnışlıq edir. Bunu ancaq düşünülmüş daxili və xarici siyasət nəticəsində etmək olar ki, bunu da cənab prezidentimiz qazanıb və dövlət başçısının da dediyimi kimi, seçkilərin nəticəsi Azərbaycan xalqının iradəsini əks etdirdi”.

Prezident İlham Əliyev eyni zamanda çıxışı zamanı qeyd edib ki, Azərbaycan 15 il ərzində uğurla inkişaf edib: “Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaq. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək.

Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik. Təkcə ona görə yox ki, özümüzü göstərək, ona görə ki, dünyada da müsbət meyillər üstünlük təşkil etsin. Əfsuslar olsun ki, son 15 il ərzində dünyada bu istiqamətdə çox təhlükəli proseslər cərəyan edib. İslamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir. Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda, biz öz milli mənəvi dəyərlərimizə sadiqik, buna bağlıyıq və təsadüfi deyil ki, 2016-cı və 2017-ci illər Azərbaycanda “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri elan olunub”.

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu məsələdə də Azərbaycanla Ermənistanı müqayisə etmək istəyirəm: “Ermənistanda əhalinin 99,99%-i ermənilərdən ibarətdir. Orada hər hansı tolerantlıqdan, multikulturalizmdən söhbət gedə bilməz. Azərbaycanda isə əhalinin 92%-i azərbaycanlıdır. Burada bir çox xalqların nümayəndələri, o cümlədən ermənilər də yaşayır. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sərbəst şəkildə öz ibadətlərini həyata keçirirlər. Ötən gün andiçmə mərasimində də Şeyxülislamdan başqa digər dinlərin nümayəndələri də iştirak edirdi. Bunun özü də Azərbaycanın tolerant, multikultural ölkə olduğunu göstərir.

Azərbaycana ildən-ilə gələn qonaqların, ölkəmizdən vətəndaşlıq almaq üçün müraciət edənlərin sayı artır. Azərbaycanda xarici ölkə vətəndaşları ev alırlar, övladlarının ölkəmizdə təhsil almasına böyük maraq göstərirlər, investisiya yatırırlar. Bu hamısı ondan irəli gəlir ki, ölkəmizdə stabillik yaranıb, insanların hüquqları qorunur, dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin irsinə söykənərək apardığı siyasi kurs bütün sahələrdə olduğu kimi bu sahədə də öz müsbət nəticəsini verir”.

Günay Elşadqızı / METBUAT.AZ

“Dünya dövlətləri, beynəlxalq təşkilatlar haqlı olduğumuzu bilir” – Fəzail İbrahimli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı