Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) ilə əlaqədar Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi məqsədilə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi Milli Məclisin plenar iclasında müzakirə edilib.

Publika.az-ın xəbərinə görə, qanun layihəsi barədə məlumat verən millət vəkili Əli Hüseynli bildirib ki, Cümhuriyyətin yüz illik yubileyi ərəfəsində belə medalın təsis edilməsi tarixi hadisədir: “Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, dövlət müstəqilliyinin qorunub saxlanmasında və inkişafında, ölkənin ictima-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu medalla təltif ediləcək”.

Millət vəkili Fazil Mustafa deyib ki, medalla təltif edilən şəxslər siyahısına təkcə Cümhuriyyət liderlərinin varisləri deyil, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fədakarlıq etmiş şəxslərin varisləri də bu siyahıya əlavə olunmalıdır: “Təkcə qurucuların varisləri ilə kifayətlənməməliyik. Bundan başqa, istiqlalçı deputatların da adı siyahıya əlavə edilməlidir. Biz onların pensiya təminatını da həll etmədik, heç olmasa Cümhuriyyətin yüz illik yubileyi ilə bağlı Azərbaycan müstəqilliyinə səs verənlərə də bu medal verilməsi məsələsinə baxa bilərik”.

Əflatun Amaşov bildirib ki, varisliyimizi əməli nümunələrdə də göstərməliyik və yubiley medalı Cümhuriyyət irsinə hörmətin bariz nümunəsidir: “Hələ də, Cümhuriyyətlə bağlı mübahisələr var. Lakin bu məsələ siyasi konyukturadan uzaq olmalı, elmi müstəvidə müzakirə edilməlidir”.

Millət vəkili Siyavuş Novruzov istiqlalçı deputatlar məsələsinin birdəfəlik həll edilməsi təklifini irəli sürüb: “O zaman 350 nəfər parlamentin üzvü olub və onlar müstəqilliyə səs verib. Ayaz Mütəllibovun ittifaq müqaviləsinə səs verənlər istiqlalçı deputatlar deyilir. Bu məsələyə parlamentdə aydınlıq gətirməliyik ki, istiqlalçı deputatların hüquqları məsələsi birdəfəlik həll olsun. Azərbaycanın müstəqilliyinin elan edilməsində 350 deputatın hamısı səs verib. Burada köhnə deputatlar var, onlar da münasibət bildirməsini xahiş edirəm. Xahiş edirəm Oqtay müəllim Milli Məclisdə o siyahını çıxarıb assınlar. Hamı da bilsin”.

Müzakirələr davam edir.