“Heydər Əliyevin bir vaxtlar peyğəmbərcəsinə dediyi “Mən daim Azərbaycanda olacağam” ifadəsi həqiqi təsdiqini tapır. Heydər Əliyevin daim Azərbaycanda var olması üçün biz sağ olduğumuz müddətdə onun ideyalarına sadiq olmalıyıq, bizim üçün qoyub getdiyi irsə yaradıcı yanaşmalıyıq”.

Publika.az-ın xəbərinə görə, bu sözləri vitse-spiker Bahar Muradova Heydər Əliyevin 95 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında çıxışı zamanı deyib.

B.Muradova bir vaxtlar Heydər Əliyev əleyhinə çıxış edənlərin 15 il sonra onun böyüklüyünü dərk etdiyini vurğulayıb:

“Heydər Əliyev ideyalarını zamanın sınaqlarından keçirib irəli aparmağı bacarmalıyıq. Necə ki, bu gün Heydər Əliyevin hüquqi varisi İlham Əliyev bu işi uğurla həyata keçirir. Hər birimiz bu işdə onun yanında olmalı, ona dəstək olmalıyıq. Heydər Əliyevin yenilməzliyinə xidmət etməliyik. Ulu öndərlə bağlı burada səsləndirilən bir çox fikirlə şərikəm. Heydər Əliyev sağlığında həm də tənqid edilirdi. Eyni zamanda onun ünvanına kəskin şəkildə tənqidlər də səsləndirilirdi. Bu gün onların arasında bu salonda əyləşənlər də var. Bu müddət ərzində onların həyatında müşahidə etdiyim ən böyük nailiyyət son 15 il ərzində Heydər Əliyevin kim olduğunu anlamağa başlamalırıdır. Bir çoxu vaxtilə Heydər Əliyevi yalnız opponent kimi görən, müxalifətçilik etmək xətrinə ona qarşı çıxırdılarsa, bu gün ona ehtiyac görmürlər. Amma nədənsə bu gün həmin insanlar burada çıxış etmirlər. Nədən çəkindiniz, sosial şəbəkələrdənmi? Yalnız böyük şəxsiyyətlər ədalətli ola bilirlər. Ulu Öndər Heydər Əliyevin böyük ruhu bütün xəyanətlərin qarşısında böyük görünür. Ulu Öndəri anlamayan insanlar bədbəxt adamlardır. Nə qədər Azərbaycan var, Ulu Öndər onu sevənlərin ürəyində yaşayacaq. Bir sözlə, onun dövlətə xalq, millətə fayda gətirən ideyaları Ulu öndəri sevənlərin qəlbinə işıq saçacaq, Ümummilli lideri sevməyənlərin isə gözünü qamaşdıracaq”.

Gülxar