Restoranda hesab QARIŞIQ YAZILARSA

Müştəri hansısa bir restorana gələn zaman ofisantdan menyunu tələb edir, büdcəsinə uyğun məhsulları seçib sifariş verir.

Lakin bəzi restoranlar bu gün menyudan imtina etməklə müştərilərə kələk gəlməyə çalışır. Belə ki, hansısa bir yeməyi sifariş vermək istəyən zaman müştəriyə ümumi qiymətlər söylənilir. Ortalama hesabını bilən müştəri sifarişi verir. Lakin çox vaxt hesab gözləniləndən çox gəlir. Qarışıq, başa düşülməyən şəkildə yazılan hesabdan baş çıxarmayan müştəri sonda hesabı ödəməyə məcbur olur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bunu istehlakçının informasiya almaq hüququnun pozulması kimi qiymətləndirir:

“Nazilər Kabinetinin 94 saylı qərarında göstərilir ki, ictimai iaşə müəssisələrində mütləq menyu olmalıdır. Menyuda məhsulların ad və qiymətləri dəqiqliyi ilə göstərilməlidir. Belə olmayan hallarda insanlar hüquqlarının qorunması üçün ya Azad İstehlakçılar Birliyinə, ya İqtisadiyyat Nazirliyinin (012) 498-11-04 nömrəsinə müraciət etməlidirlər”.

Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov isə qeyd edib ki, bəzən qiymətlər hesabda bilərəkdən qarışıq şəkildə yazılır:

“Bu, istehlakçının hüquqlarının pozulmasına gətirib çıxaran hallardan biridir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda və Azərbaycan Respublikasının Qanunvericiliyində qeyd olunur ki, istənilən xidmətin göstərilməsiylə məşğul olan fiziki və ya hüquqi şəxslər məhsulun qiymətini açıq şəkildə qeyd etməlidirlər. Eyni zamanda, restoran biznesiylə məşğul olan şəxslər bütün yeməklərin qiymətlərini menyuda açıq şəkildə, insanların oxuya biləcəkləri tərzdə yerləşdirməlidirlər. Çünki istənilən şəxs sifariş verən zaman öz büdcəsini nəzərə alır. Bəzən qiymətlər hesabda bilərəkdən qarışıq şəkildə yazılır. Bəzən isə hesab sonda menyuda göstərilən qiymətlərlə gəlmir. Bildirilir ki, köhnə menyu qiymətləridir.

Ümumiyyətlə, bu xidmətlə məşğul olan fiziki və ya hüquqi şəxsin qanunvericiliyin tələblərinə riayət etmək borcudur. Bütün restoranlarda menyu müştərilərə açıq şəkildə göstərilməlidir. Qeyd edim ki, hesabda müştəriyə menyuda göstərilən qiymətdən artıq şəkildə rəqəm təqdim olunarsa, bu, inzibati xəta qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinin təsiri altına düşür. Şəxslərə 300 manatadək zərər vurularsa, fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək məbləğdə cərimə olunurlar”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bakıda ƏN UCUZ kirayə evlər - Qiymət və yerləşdiyi ərazilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR