Paşinyanın Qarabağ PLANI, Boltondan XAHİŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
27 baxış·6 dəq oxu
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ
prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con
Boltonla görüşündən danışıb. Con Bolton İrəvanda jurnalistlərə
açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
fikirlərini bildirib. Camal Qaşıqçı cinayətinin araşdırılmasında
iştirak edən səudiyyəli prokuror cinayətin əvvəlcədən
planlaşdırıldığını qəbul edib. Rusiya Xmeymim təyyarə bazasına
hücumlardan birinə görə Amerika ittiham edib.
"Şəxsən Con Boltondan xahiş etdim ki, İrəvanda
olarkən Ermənistanın yeni rəhbərliyinə sual versin, bunlar özləri
münaqişənin həllinə hazırdır, yoxsa yox". Bu sözləri
jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar
Məmmədyarov deyib.
Şəxsən Con Boltondan xahiş etdim ki, İrəvanda olarkən... - Elmar Məmmədyarov
"Fransa şəhərlərinin merlərinin Azərbaycanın işğal
olunan bölgəsi Dağlıq Qarabağa səfəri ilə bağlı Fransa səfirini
Xarici İşlər Nazirliyinə dəvət edib, ona etiraz notası təqdim
olunub. Azərbaycanın Fransadakı səfiri də məsələ ilə bağlı Fransa
Xarici İşlər Nazirliyinə müraciət edib". Bunu
jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər naziri Elmar
Məmmədyarov Fransanın Sent Etyen şəhərinin meri və Arnuvil
bələdiyyəsinin rəhbərinin ölkəmizin işğal edilmiş bölgələrinə
səfərini şərh edərkən deyib.
Ona bildirdik ki, əgər Fransa... - Məmmədyarov
Dağlıq Qarabağ münaqişəsini tərəflər özləri həll
etməlidir. Bu barədə ABŞ prezidentinin milli
təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda
jurnalistlərə açıqlamasında deyib.
Bolton münaqişənin həllinin çətin olduğunu diqqətə çatdırıb.
“Əgər asan olsaydı, bu problem çoxdan həll edilmişdi. Mən bura
ABŞ siyasətində hansısa dəyişikliyin olduğunu deməyə gəlməmişəm,
yaxud münaqişənin həlli ilə bağlı yeni təkliflər gətirməmişəm.
Tərəflər bir-biri ilə işləməli, həll variantını tapmalıdır.
Ermənistana xarici təzyiqin aradan qalxmasının ən yaxşı yolu Dağlıq
Qarabağ münaqişəsinin həllidir”, - deyə o bildirib.
“Ermənistan Dağlıq Qarabağ münaqişəsində heç bir
irəliləyişi arzu etmir. Danışıqların ləng gedişi onun
təhlükəsizliyinə beynəlxalq zəmanətlərin artmasına səbəb olardı.
Lakin Nikol Paşinyan Qarabağı danışıqlar masasına dəvət edərək,
Ermənistanın təhlükəsizliyini gücləndirmək istəyir”.
Bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistanda
seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində yeni
proseslərin baş verə biləcəyi ehtimalını şərh edərkən deyib.
Onun sözlərinə görə, Paşinyan mövcud status-kvonun qalmasına
çalışır.
“Buna görə də Ermənistan sərt xətti davam etdirir, Düşənbə
razılaşması ilə bir tərəfdən danışıqlarda iştirak etmək marağında
olduğunu göstərir, digər tərəfdən isə danışıqlara uyğun olmayan
mövqeyini sərgiləyir. Paşinyanın istəyi status-kvonu saxlamaqdır”,
- deyə o bildirib.
Türkiyədə “S-400” zenit-raket komplekslərinin
quraşdırılmasına 2019-cu ilin oktyabrında başlanacaq.
Bu haqda Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.
“Komplekslərin quraşdırılması üzrə işlər 2019-cu ilin
oktyabrında başlanacaq. İndi biz heyətin seçimi ilə məşğul oluruq.
Seçilmiş heyət 2019-cu ilin əvvəlində Rusiyaya təlimə yola düşəcək,
orada lazımı bilikləri alacaq, sonra geri qayıdaraq işə
başlayacaq”, - Akar deyib.
ABŞ Türkiyəyə 2019-cu ilin martında daha iki “F-35”
qırıcısı verəcək. Bu haqda Türkiyənin müdafiə naziri
Hulusi Akar bildirib.
Onun sözlərinə görə, Türkiyəyə çatdırılacaq qırıcılar Malatyada
təyyarə bazasında yerləşdiriləcək.
“Orada müvafiq infrastrukturun yaradılması üzrə intensiv işlər
davam edir. Hər şey plan üzrə gedir. Üçüncü və dördüncü təyyarələr
növbəti ilin martında veriləcək”, - nazir bildirib.
Qeyd edək ki, Türkiyə ən azı 100 ədəd “F-35 Lightining II”
beşinci nəsil qırıcısı əldə etmək niyyətindədir.
Camal Qaşıqçı cinayətinin üstünün açılması üçün
lazımı addımları atırıq. Bu sözləri Türkiyənin Xarici
İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Hələ cavablandırılması lazım olan suallar var. Etiraf etdiniz,
ancaq Camal Qaşıqçının cəsədi haradadır, niyə demirsiniz?”, - XİN
rəhbəri bildirib.
Camal Qaşıqçı cinayətinin araşdırılmasında iştirak
edən səudiyyəli prokuror cinayətin əvvəlcədən planlaşdırıldığını
qəbul edib. Bu haqda Səudiyyə Ərəbistanında
yayımlanan “Əkbəriyə” telekanalı bildirib.
Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə
Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və
bundan sonra itkin düşüb.
Səudiyyə Ərəbistanı hökuməti Camal Qaşıqçının Krallığın
İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq
edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə
Ərəbistanının 18 vətəndaşı saxlanılıb.
Bu gün NATO soyuq müharibədən sonra ən böyük hərbi
təlimlərə start verir. Hərbi təlimlərə 250 hərbi təyyarə, 65 gəmi,
50 min hərbçi qatılacaq. ABŞ Prezidenti Donald
Trampın SSRİ ilə əldə edilən nüvə anlaşmasından çıxa biləcəyini
açıqladıqdan sonra NATO-nun bu təlimləri Rusiyaya qarşı güc
nümayişidir.
NATO bununla beynəlxalq təhlükəsizliklə bağlı narahatlıqların
artdığı bir ərəfədə Rusiyaya güc göstərir.
Norveçdə başlayıb, İsveç və Finlandiya hava sahələrindən
istifadə ilə davam edəcək “Trident Juncture-18” hərbi təlimləri
NATO-nun son 30 ildə ən böyük hərbi tədbiridir. Təlimlər noyabrın
7-də yekunlaşacaq.
NATO quru təlimlərinin Rusiya sərhədlərindən 1000, hava
əməliyyatlarının isə 500 kilometrliyində olmasını əsas gətirərək
Moskva bu təlimlərdən narahat olduğunu gizlətmir.
Xatırladaq ki, bu təlimlərdə NATO-nun 31 üzv dövləti iştirak
edir.
Vaşinqton Avropaya yeni raketlər göndərərsə, Rusiya
bununla bağlı adekvat tədbirlər görəcək. Bu sözləri
Rusiya Prezidenti Vladimir Putin deyib.
“ABŞ 1987-ci il razılaşmasından çıxandan sonra bu ölkədə
istehsal ediləcək raketlərlə nə ediləcəyi müzakirə mövzusudur. Əgər
bu raketlər Avropaya yollanarsa, biz buna eyni şəkildə qarşılıq
verəcəyik. Eyni zamanda Avropa ölkələri torpaqlarını risk altında
qoyduqlarını anlamalıdır. Bunlar açıq şəkildə ortada olan
məsələlərdir”, - deyə Kreml rəhbəri bildirib.
Yaxın və Ortamənzilli raketlərin məhvi müqaviləsi
ətrafında yaranan son vəziyyət Putin və Tramp görüşünün əsas
müzakirə mövzusu olacaq. Bu sözləri Rusiya Xarici
İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Mən əminəm ki, bu mövzu əsas müzakirə edilən məsələlərdən
olacaq. Biz bilməliyik ki, ABŞ sözügedən məsələdə haraya istiqamət
alıb”, - deyə Ryabkov bildirib.
Qeyd edək ki, Putin Trampla Parisdə noyabrın 11-də
görüşəcək.
Suriyada Rusiyanın Xmeymim təyyarə bazasına pilotsuz
təyyarələrin hücumlarından biri Amerikanın kəşfiyyat təyyarəsindən
həyata keçirilirdi. Bu haqda Rusiyanın müdafi
nazirinin müavini Aleksandr Fomin bildirib.
Rusiya bazasına hücumu ABŞ havadan idarə edib - Putin HƏRƏKƏTƏ KEÇİR
Tayvan Çindən ayrılacağı təqdirdə Çin ordusu bütün
lazımı addımları atacaq. Bunu Syanşan Təhlükəsizlik
Forumunda çıxışı zamanı Çin Müdafiə naziri Vey Fenxe deyib.
“Kimsə Tayvanı Çindən ayırmağa cəhd etsə, o zaman Çin ordusu
lazımi bütün addımları atacaq. Biz geri çəkilməyəcəyik”, – deyə o
bildirib.
Qeyd edək ki, Tayvan Çindən 1949-cu ildə ayrılıb. 1980-ci illərə
qədər tərəflər arasında heç bir münasibət olmayıb. Pekin hazırda da
Tayvan üzərində heç bir nəzarətə malik deyil.
Tayvanın ABŞ-la yaxınlığı Çinin narazılığına səbəb olur. Çin
dəfələrlə ABŞ-a Tayvana hərbi yardımları dayandırmağı tələb
edib.
On beş il sonra ABŞ-Çin müharibəsinin başlanma
ehtimalı çox yüksəkdir. Bu haqda Varşava
Təhlükəsizlik Forumunda çıxışı zamanı ABŞ-ın Avropadakı
qoşunlarının keçmiş komandanı general-leytenant Ben Hoces
bildirib.
Sabiq generalın sözlərinə görə, Avropa öz müdafiəsinə daha çox
diqqət ayırmalıdır, çünki ABŞ diqqətini Sakit okean regionunda Çin
təhdidinə yönəltməlidir.