Bakı, 28 aprel, AZƏRTAC
Bank Respublika yeni “9144 SMS bankçılıq” xidmətini istifadəyə verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni xidmət vasitəsilə müştəri mobil telefonundan 9144 qısa nömrəsinə SMS göndərməklə bank hesabları, kreditləri, plastik kartlar və depozitləri üzrə məlumat ala biləcəklər. Məlumat almaq üçün 9144 nömrəsinə müvafiq mətni yazıb göndərmək kifayət edir: Hesab, Kredit, Kart, Depozit.
Müştərinin mobil nömrəsi bir neçə müştəri koduna bağlı olduğu halda müştəriyə bankla əlaqə saxlamaq barədə SMS göndəriləcək. Bankla əlaqə saxlandığı halda məlumat mərkəzi tərəfindən mövcud müştəri kodlarından biri seçilir və məlumat gələcəkdə müştəriyə bu kod üzrə göndərilir. Yeni xidmətdən yararlanmaq üçün müştəri ilə “elektron bank xidmətləri” müqaviləsinin bağlanılması zəruridir. Hazırda bu xidmət Azercell və Bakcell abunəçiləri üçün aktivdir, Nar abunəçiləri isə yaxın zamanda qoşulacaq. Hər bir SMS müqabilində müştərinin balansından 6 qəpik tutulacaq.