Səhiyyə Nazirliyində ilin yekun kollegiya iclası keçirilib -

Bu gün Səhiyyə Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, iclasda Səhiyyə Nazirliyi tərəfindən 2018-ci il ərzində görülmüş işlər barədə məruzələr dinlənilib.

Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq Tibbi Yardımın Təşkili Şöbəsinin müdiri Gülmirzə Poladov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş siyasətinin, möhkəm iradəsinin məntiqi nəticəsi olaraq hətta bütün dünya üçün çətin olan son illərdə də ölkəmiz inkişafı davam etdirilmişdir.

G.Poladov qeyd etdi ki, Dövlət başçısının sosial yönümlü siyasətinin nəticəsi olaraq Azərbaycanda çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi bu il də həyata keçirilmişdir. 2018-ci ildə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Respublika Narkoloji Mərkəzi, Naftalan, Quba rayon Mərkəzi Xəstəxanaları əsaslı təmir-tikinti işlərindən sonra ən müasir tibbi avadanlıqlarla təchiz edilərək əhalinin istifadəsinə verilmişdir.

Buzovnada yerləşən Tibbi Reabilitasiya Mərkəzi, Qobustan, Qazax, Şəmkir, Goranboy rayon mərkəzi xəstəxanalarında təmir-tikinti işləri hazırda başa çatmış və gələn ilin ilk aylarında açılışa hazırlanır. Maddi-texniki bazanın inkişaf etdirilməsi ilə yanaşı tibb müəssisələrinin yüksək ixtisaslı kadrlarla təminatı sahəsində Nazirlik tərəfindən müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Böyük diaqnostik imkanlara və kadr potensialına malik olan belə tibb ocaqlarının yaradılması həm paytaxtda, həm də bütün regionlarda əhaliyə yüksək keyfiyyətli və hərtərəfli tibbi xidmət göstərməyə münbit şərait yaratmışdır.

İl ərzində 18 yaşdan yuxarı Respublika əhalisinin 77,4 faizi tibbi müayinələrdən keçirilmişdir. Onların 6 faizində ilkin xəstəliklər aşkar olunmuş, 1,1 faizi dispanser nəzarətə alınmış, 2,9 faizi sağlamlaşdırılmış, 32,1 faizi əlavə müayinələrə cəlb edilmiş, 0.5 faizi hospitalizasiya olunmuşdur.

G.Poladov bildirdi ki, əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu olmuşdur.

2018-ci ildə uşaqların 90 faizdən çoxu müayinələrə cəlb olunmuşdur. Tibbi müayinədən keçirilmiş uşaqların 5,5 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülmüş, 1,2 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunmuşdur.

Ümumilikdə 2018-ci il ərzində Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə 49 milyondan artıq müraciət olmuş, 727 min xəstə stasionar müalicə kursu keçmişdir. Cari ildə 9 minə yaxın insan reabilitasiya və sanator xidmətlərindən istifadə etmişdir.

Maddi texniki bazanın inkişaf etdirilməsi, kadrların ixtisas səviyyəsinin yüksəlməsi hesabına bu gün ölkəmizdə bir sıra ağır xəstəliklər müalicə olunur, mürəkkəb əməliyyatlar, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. İlin əvvəlindən indiyədək 22 nəfərə dövlət hesabına böyrək köçürülmüş, 114 xəstəyə endoprotezləşmə əməliyyatı aparılmışdır.

Son illərdə Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Cari ildə 12 sümük iliyi transplantasiyası aparılmış, onlardan 2 nəfər kəskin leykoz, digər 10 nəfər isə böyük beta-talassemiya xəstəsi olmuşdur.

2018-ci ildə dövlət hesabına 998 nəfərə kardiocərrahiyyə əməliyyatı icra olunmuş, onlardan 246-sı uşaqlardır. Xəstələrə 1686 angioqrafiya müayinəsi aparılmış və onlardan 633 nəfərə angioplastika əməliyyatı icra olunmuşdur.

Son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşağa uğurla koxlear implantasiya əməliyyatı aparılmışdır. Ümumilikdə 2018-ci ildə 280 mindən çox xəstəyə ən müxtəlif cərrahi əməliyyatlar həyata keçirilmişdir. Maliyyə baxımından çox baha başa gələn yuxarıda adları sadalanan belə əməliyyatların dövlət hesabına icra olunması dövlətimizin əhalinin sağlamlığına verdiyi diqqət və qayğının bariz nümunəsidir.

Son 4 il ərzində Səhiyyə Nazirliyi nəzdində “viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya” fəaliyyət göstərir. Bu müddətdə Komissiyaya müraciət edən 9561 nəfərdən 70 faizinə, yəni 6622 xəstəyə dövlət hesabına uzunmüddətli müalicə kursu təyin edilmişdir.

Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu olmuşdur.

“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası ilbəil gücləndirilir, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılır.

Respublikamızda həyata keçirilən bu tədbirlərin nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilmişdir. Əgər 2014-cu ildə respublikada körpə ölümü göstəricisi 10,2 promilli idisə, 2018-ci ildə beynəlxalq diridoğulma meyarları nəzərə alınmaqla bu rəqəm 11,0 promilli təşkil edir. Bu günə qədər 1000 qram və az çəki ilə doğulmuş 353 körpədən 126-ni xilas etmək mümkün olmuşdur.

2017-cü ildə 21 ana ölümü qeydə alındığı halda, cari ildə bu rəqəm 17 olmuşdur.

Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir.

Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdirsə, 2018-cı ildə bu rəqəm 38 tona yaxın olmuşdur.

Yalnız Məhərrəm ayının Aşura günü ərzində 3827 nəfər insandan qan götürülmüş və 1722 litr qan tədarük edilmişdir.

Hazırda tibb müəssisələrinin və xəstələrin “təhlükəsiz” donor qanına və onun komponentlərinə olan ehtiyacı tam ödənilir.

Artıq Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısı alınması istiqamətində konkret addımlar atılır. Belə ki, il ərzində 126 mindən çox insanın qan nümunəsi müayinə olunmuşdur. Onların arasında 3842 talassemiya daşıyıcısı, 152 qazanılmış immunçatışmazlığı sindromu, 350 sifilis xəstəliyi aşkar edilmişdir. Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilmişdir. Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılmışdır. Nəticədə 16 sağlam, 27 daşıyıcı, 12 xəstə döl aşkarlanmışdır. Ümumilikdə, xəstəlik müəyyən edilmiş 12 halda hamiləliyin pozulması qadınlara məsləhət görülmüş və həyata keçirilmişdir.

Hazırda Respublikamızda 1621 hemofiliyalı xəstə qeydiyyatdadır. Bu xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunmuşdur.

Qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə, əsasən, əmək qabiliyyəti yaşında olan insanların və uşaqların düçar olması, müayinə və müalicə xərclərinin çox baha olması bu insanlar üçün ağır yük idi.

Hazırda 1100-dən çox xəstənin dövlət hesabına innovasion preparatlarla təminatı həyata keçirilir. Beləliklə də, əvvəlllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşmış və bəzi hallarda sağalması mümkün olmuşdur.

Son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapmışdır.

Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar.

Qeyd etmək lazımdır ki, indi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 900-dən artıq insan var və dövlət onların dərman təminatını öz üzərinə götürmüşdür.

“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” çərçivəsində 800-ə yaxın xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr maliyyə baxımından çox baha başa gələn yüksəkeffektli dərman preparatları ilə dövlət hesabına təmin olunurlar. Görülən tədbirlər, bu xəstəlikdən əlliliyin və ölüm hallarının azalmasına şərait yaratmışdır.

Aparılan məqsədyönümlü tədbirlər nəticəsində Azərbaycan hazırda immun çatışmazlığı vurusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır.

Respublikada insan immun çatışmazlığı vurusuna yoluxmuş hamilə qadınların 96% antiretrovirus müalicəsinə cəlb olunmuşdur. İl ərzində virusun anadan-uşağa ötürülməsi hallı qeydə alınmamışdır.

Səhiyyə Nazirliyi eyni zamanda digər dövlət qurumlarının icra etdiyi bəzi dövlət proqramlarının icrasında da iştirak edir.

“Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin “Tədbirlər planı”nda “İnteqrasiya edilmiş fasiləsiz elektron səhiyyə infrastrukturunun yaradılması” nəzərdə tutulmuşdur.

Artıq “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”, “Kadrların Avtomatlaşdırılmış Uçot Sistemi”, “Vahid Qan Bankı Sistemi”, “Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi”, “Tibbi Müayinə Kartı Sistemi”, “Vahid Elektron Tibb Kitabxanası Sistemi”, yenidoğulmuş uşaqlara fərdi identifikasiya nömrəsinin verilməsi, “Davamlı tibbi təhsil tədbirlərin akkreditasiyası üçün müraciət” elektron xidməti ölkə üzrə tətbiq edilir.

Bununla yanaşı, hazırda Bakı şəhərində “Nümunəvi Tibbi İnformasiya Sistemi”, “Mərkəzləşdirilmiş Laboratoriya Sistemi”, Səhiyyə Nazirliyinin və Bakı şəhərinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarının “103” və “113” dispetçer xidmətlərinin avtomatlaşdırılmış sistemləri tətbiq olunur.

Bakı və Sumqayıt şəhərlərinin 10 böyük xəstəxanası və Səhiyyə Nazirliyi arasında optik kommunikasiya xətti çəkilmiş və Mərkəzləşdirilmiş PACS, yəni görüntülərin arxivlənməsi və ötürülməsi sistemi tətbiq edilmişdir. Hazırda bu xəstəxanalarda KT, MRT, rentgen və sair görüntülər Vahid Mərkəzləşmiş məlumat bazasına toplanır və radioloqların bu görüntülərə çıxışı təmin olunur.

Əlamətdardır ki, indiyədək Səhiyyə Nazirliyi tərəfindən informasiya sistemlərinin tətbiqi sahəsində 40 elektron xidmət istifadəyə verilib. Mühüm məqamlardan biri də odur ki, bu vahid sistemin digər qurumların informasiya sistemlərinə və “Elektron Hökumət” portalına inteqrasiyası da təmin edilib.

Strateji Yol Xəritələri arasında səhiyyəyə dair bəndlər olan və Səhiyyə Nazirliyi qarşısında vəzifələr qoyulan sənədlərdən biri də “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”dir.

Bununla bağlı olaraq Səhiyyə Nazirliyində yaradılmış İşçi qrupu tərəfindən ölkə əhalisi üçün rasional fizioloji normalar layihəsi hazırlanmışdır. Sənəd razılaşdırılmaq üçün aidiyyətli qurumlara göndərilmişdir. Hazırda dövlət qurumlarından daxil olmuş təkliflər əsasında sənəd layihəsində müvafiq dəyişikliklər aparılır.

Daha bir Strateji Yol Xəritəsində - “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə sağlamlıq turizmi baxımından ölkəmizdə həm ənənəvi, həm də müasir müalicə imkanlarının mövcud olduğu bildirilir. Səhiyyə nazirliyi tərəfindən “Sağlamlıq turizmi üçün tələbatın yenidən formalaşdırılması”, “Naftalan nefti əsasında mövcud və yeni sağlamlıq məhsullarının təşviqi” məqsədi ilə də təkliflər hazırlanmışdır.

Dövlət başçısının müvafiq sərəncamları ilə İcbari tibbi sığortanın Respublika ərazisində tətbiqi ilə bağlı yeni maliyyələşdirmə və ödəniş mexanizmlərinin yaradılması, səhiyyə müəssisələrinin həmin mexanizmlər çərçivəsində fəaliyyətinə hazırlıq işlərinin aparılması nazirliyin xüsusi diqqət mərkəzində olmuşdur.

Belə ki, “Azərbaycan Respublikasında Səhiyyə sisteminin inkişafına dair 2019-2025-ci illər üçün strategiya” hazırlanmışdır.

İcbari tibbi sığortaya keçidlə əlaqədar olaraq Səhiyyə nazirliyi tərəfindən görülməsi tələb olunan prioritet istiqamətlər müəyyənləşdirilmiş, il ərzində çarpayı fondunun, eyni zamanda ştatların optimallaşdırılması, tibbi xidmətlərin regionlaşdırılması, elektron reseptlərə keçidin sürətləndirilməsi ilə bağlı ciddi addımlar atılmışdır.

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinin publik hüquqi şəxslərə çevrilməsi məqsədilə hazırlıq işləri tamamlanmış və keçid üzrə təqvim hazırlanmışdır.

İlkin səhiyyə sistemi səviyyəsində həkim və orta tibb işçilərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə “İlkin səhiyyə xidmətinin göstərilməsi Qaydaları” hazırlanmışdır. Qaydalarda ailə həkimi ixtisası üzrə kadr hazırlığına xüsusi diqqət yetirilmişdir.

Bununla yanaşı, Azərbaycan Tibb Universiteti nəzdində yaradılmış “Səhiyyə Menecmenti üzrə” magistraturaya tələbə qəbulu üçün normativ sənədlər, o cümlədən tədris planı tərtib edilmişdir.

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı Təcili təxirəsalınmaz tibbi yardım xidmətinin inkişaf etdirilməsi məqsədilə bir çox xarici ölkələrin təcrübəsi öyrənilmiş və “Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Nizamnaməsi” hazırlanmışdır.

Hesabat ilində Səhiyyə Nazirliyinə müxtəlif məzmunlu 75 minə yaxın müraciət daxil olmuşdur. İnsanlardan birbaşa Səhiyyə Nazirliyinə daxil olmuş müraciətlərin əksər hissəsi yerindəcə öz həllini tapmışdır.

Xüsusilə qeyd etmək istəyirəm ki, şikayətlə müraciət edənlərin sayı il ərzində cəmi 4373 olmuş, minnətdarlıq məktublarının sayında isə ötən illə müqaisədə ciddi artım qeydə alınmışdır.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Səhiyyə Naziri tərəfindən bu il Respublikanın 12 regionunda vətəndaşların qəbulu təşkil olunmuş, müraciət edən hər bir vətəndaş dinlənilmiş və müvafiq tədbirlər görülmüşdür.

Hesabat ilində Səhiyyə Nazirliyinin Mətbuat Xidməti səhiyyə sahəsində həyata keçirilən layihələri, baş verən pozitiv dəyişiklikləri cəmiyyətə çatdırmaq məqsədilə bütün vasitə və imkanlardan uğurla istifadə etmişdir. Mətbuat Xidməti cari ildə Səhiyyə Nazirliyinin rəsmi internet saytına əlavələr daxil etmiş, facebook, youtube, instaqram, tvitter səhifələrini yeniləyərək zənginləşdirmişdir. 2018-ci il ərzində Səhiyyə Nazirliyinin Mətbuat xidməti tərəfindən 100-dən çox mətbuat konfransı, dəyirmi masalar təşkil edilmişdir. Nazirliyin rəsmi internet səhifəsində keçirilən görüşlər, tibb müəssisələrinin fəaliyyətini əks etdirən məqalə, video və reportajlarla bağlı 400-dən artıq məlumat yerləşdirilib.

G.Poladov çıxışının sonunda qeyd etdi ki, “biz hər zaman, hər an, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səhiyyəyə olan xüsusi diqqət və qayğısını hiss edirik. Bu da, bizim məsuliyyətimizi artırır və gələcəkdə daha böyük nailiyyətlər əldə etmək üçün ruhlandırır.Dövlət başçısının səhiyyə siyasətini daim dəstəkləyən tibb işçiləri, öz növbəsində, qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklər”.

Sonda, cənab Nazir, Siz başda olmaqla bütün səhiyyə işçilərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı və xoşbəxtlik arzulayıram!

Kollegiya iclasının davamında K.Y.Fərəcova adına Elmi Tədqiqat Pedriatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin Pediatriya üzrə baş mütəxəsisi Nəsib Quliyev, Respublika Endokrinoloji Mərkəzinin direktoru Yusif İsmizadə, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının baş həkimi Mirələm Calalov və Psixi Sağlamlıq Mərkəzinin direktor müavini Gülnarə Musabəyova çıxış etdilər.

Sona doğru ənənəvi olaraq səhiyyə naziri Oqtay Şirəliyev ilin yekunlarına dair çıxış etdi.

Oqtay Şirəliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin səhiyyə və tibb sahəsinə böyük diqqət və qayğısını vurğuladı. Nazir qeyd etdi: “ölkəmizin sosial-iqtisadi rifahı ölkə başçısının yorulmaz səyi nəticəsində bütün sahələrdə o cümlədən də səhiyyə sahəsindəki inkişafı da sürətlə davam edib.

Cari ildə bir neçə tibb müəssisələrinin istifadəyə verilməsi, bir neçəsinin təmir və tikintisinin davam etməsi, səhiyyə sahəsinin inkişafının bariz nümunələrindəndir”.

Nazir Oqtay Şirəliyev səhiyyənin ən prioritet istiqamətlərinə dair təsdiqlənmiş Dövlət Proqramlarının uğurla tətbiqini, bu Proqramların insanların həyatındakı xüsusi əhəmiyyətini vurğuladı.

Bildirildi ki, ana və uşaqların sağlamlığının qorunması məqsədilə qəbul edilmiş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilmiş, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılmışdır. Hazırkı rəqəmlər, statistik göstərişlər səhiyyə sahəsinin istənilən bölməsində xeyli irəliləyişlərin əldə olunduğunu sübut edir. Uşaqların sağlamlığı ilə əlaqədar çox mühüm işlər görülür. Bunlardan biri uşaqların icbari dispanzerizasıyasıdır. Bu tədbir sayəsində azyaşlıların ölüm göstəriciləri dəfələrlə aşağı yenib. Dispanzerizasiya imkan verir ki, gələcək üçün yeni sağlam nəsil yetişsin. Lakin əldə olunan nailiyyətlərlə yanaşı problemlər də mövcuddur. Bu gün bütün diqqət bu problemlərin həllinə səfərbər olmalıdır.

Sonda nazir İcbari Tibbi Sığortaya Keçidlə əlaqədar bütün hazırlıqların yekun mərhələdə olduğunu, Prezident İlham Əliyevin verdiyi tapşırıqlara əsasən 2019-cu ildə bütün lazımi tədbirlərin yerinə yetirilməsində səylə çalışılacağını vurğuladı.

Cənab nazir çıxışının sonunda tibb işçilərini qarşıdan gələn 2019-ci ildə də həvəslə, öz peşələrinə yanaşmağı tövsiyə etdi və hər kəsi “Dünya Azərbaycanlılarının Həmrəyliyi” və “Yeni il” münasibəti ilə səmimi qəlbdən təbrik etdi.

Kollegiya iclasının yekununda Səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə əsasən səhiyyə və tibb elmi sahəsində xüsusi xidmətlərinə görə fərqlənmiş bir sıra tibb işçisinə “Səhiyyə əlaçısı” döş nişanı və Fəxri diplomlar təqdim edildi.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR