ABŞ-ın Arizona Ştat Senatının plenar iclasında fevralın 11-də Azərbaycanın təqdimatı keçirilib.
Metbuat.az xəbər verir ki, təqdimatda Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib.
İclasda çıxış edən Senator Ceyven Mesnard senatorlara Azərbaycan haqda məlumat verib. O, Azərbaycana səfəri zamanı ölkəmizdə şahidi olduğu iqtisadi inkişaf, dinlərarası harmoniya, multikulturalizm və tolerantlıq ənənələrinin, müxtəlif dini və etnik mənşəli insanların sülh və əmin-amanlıq şəraitində birgə yaşamasının onda xoş təəssüratlar yaratdığını diqqətə çatdırıb. Daha sonra C.Mesnard Azərbaycanın Los Ancelesdəki baş konsulu N.Ağayevi senatorlara təqdim edib.
Arizona ştatına işçi səfəri çərçivəsində baş konsul N.Ağayev həmçinin Arizona Ştat Senatının sədri Karen Fan (Karen Fann), Arizona Ştat Nümayəndələr Palatasının spikeri Rassel Bouers (Russell Bowers) və bir sıra digər Senat və Nümayəndələr Palatasının üzvləri ilə görüşlər keçirib. Görüşlərdə baş konsul Azərbaycanın müstəqillik tarixi, yerləşdiyi mürəkkəb coğrafi məkan, iqtisadi inkişafı, ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq ənənələri haqqında ətraflı məlumat verib. Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə danışan baş konsul qanunvericiləri münaqişənin nizamlanması prosesinin hazırkı durumu haqda məlumatlandırıb.
Qeyd edək ki, 2013-cü ildən bəri Arizona Ştat Senatı və Nümayəndələr Palatası tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və Xocalı soyqırımını pisləyən, ölkəmizin strateji önəmini və multikulturalizm ənənələrini təqdir edən bir çox qətnamə və bəyannamələr qəbul edilib.
Arizonaya səfəri müddətində baş konsul N.Ağayev ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatlarından olan Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) dəvətilə təşkilatın illik toplantısına qatılaraq, Arizonadan olan ABŞ senatorları və konqresmenləri ilə də görüşüb.