“Pyotr Poroşenko bəzi NATO üzvləri ilə Ukraynanın münasibətlərini pozdu”.
Publika.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının millət vəkili Andrey Biletski deyib.
Ölkənin “4-cü kanal”ına müsahibə verən deputat bəzi NATO ölkələrinin Poroşenko üzündən Ukraynaya keçmiş sovet istehsalı silahları aşağı qiymətə satmağı rədd etdiklərini bildirib.
“Varşava paktının sabiq üzv dövlətlərində NATO-nun standartlarına uyğun gəlməyən çox sayda hərbi sursat var. O ölkələr Ukrayna ordusu onları ələ keçirmək istəyənə qədər həmin silahları su qiymətinə satırdılar. Ukrayna belə bir fürsəti qaçırdı. Ordu üçün alınan silahlarda qanunsuzluğa yol verildi. Bu da Poroşenkonun ətrafındakı insanlar tərəfindən həyata keçirildi”-, Biletski deyib.
Qeyd edək ki, bu ilin fevral ayında Ukrayna mətbuatı müdafiə şirkətləri üçün alınan ehtiyat hissələrdə qanunsuzluğa yol verildiyini açıqlamışdı. Araşdırmaların nəticəsinə görə, 2016-ci ildən bu yana məsələ ilə bağlı olan bəzi şəxslər bu ehtiyat hissələri 300% daha baha satıb. Mətbuatın verdiyi xəbərə görə, 9,3 milyon civarındakı satış Poroşenkoya yaxın bürokratlar tərəfindən həyata keçirilib.
Zümrüd