Ermənistan hərbi prokuroru etiraf etdi:

“Orduda baş verən korrupsiya hallarına dair 292 qanun pozuntusu aşkar edilib. Yoxlanılan sahələrin 75%-də qanun pozuntusu aşkarlanıb”.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın hərbi prokuroru Vahe Harutyunyan erməni KİV-lərinə müsahibəsində bildirib.

O, ən çox hərbi xidmət qaydalarına qarşı yönəlmiş ölüm hallarının üstünlük təşkil etdiyini etiraf edib.

“Ən çox hərbi xidmət qaydalarına qarşı yönəlmiş ölüm halları üstünlük təşkil edir. Hərbi nizam-intizam qaydalarının pozulması, nizamnamədənkənar münasibətlərin baş verməsi mənfi haldır”, - deyə o qeyd edib.

Erməni hərbi prokuror Meğridəki hərbi hissədə baş verən hadisənin lokal xarakter daşıdığını, digər hərbi hissələrdə belə bir halın mövcud olmadığını iddia edib. O, istintaqın davam etdiyi üçün hadisə barədə detallı məlumat verə bilməyəcəyini vurğulayıb.

Onun sözlərinə görə, açılmayan cinayət işləri ilə bağlı əlavə araşdırmalar təyin edilsə də, bu iş mürəkkəbdir. Keçmişdə susan valideynlər, indi cinayətlərin yenidən araşdırılmasını tələb edir. Hərbi prokuror bəzi xitam verilən cinayətlərin yenidən açıldığını, bu zaman aparılan araşdırmalarda yeni məqamların da ortaya çıxdığını bildirib.

Valideynlərin irəli sürdüyü iddalar, o cümlədən bir çox hallarda məhkum olunan şəxslərin günahsız olduğu, əsl cinayətkarın isə azadlıqda qaldığı iddialarının da diqqətlə araşdırıldığını bildirib.

“Orduda baş verən korrupsiya hallarının ortaya çıxması nəticəsində dövlətə dəyən ziyanın ödənilməsi istiqamətində iş aparılıb. Bu sahədə 292 qanun pozuntusu aşkar edilib. Yoxlanılan sahələrin 75%-də qanun pozuntusu aşkarlanıb. Müxtəlif qanun pozuntuları ilə bağlı 113 material hazırlanıb və 58 cinayət işi açılıb”, - deyə o əlavə edib.

Ümumilikdə dövlətə 2.069661309 dram ziyan dəydiyi, bunlardan 680.230.054 dramının bərpa edildiyi qeyd edilib. Orduda baş verən cinayətlərdə komandirlərin də öz günahı olduğunu etiraf edən hərbi prokuror bildirib ki, 2018-ci ildə baş verən cinayətlərlə bağlı məhkəmələrə göndərilən işlərin 70%-i üzrə azadlıqdan məhrum etməklə əlaqəsi olmayan cəzalar barədə vəsadət qaldırılıb.

Eyni zamanda Harutyunyan jurnalistin sualına cavab olaraq, öz tərcümeyi halı haqqında qısa məlumat verib.

O, İrəvan Dövlət Universitetinin hüquq elmləri fakültəsini bitirib, daha sonra Ermənistan ordusunda qulluq edib. 1997-1999-cu illərdə Myasnikyan rayon prokurorluğunun müstəntiqi, sonra Kentron və Nork Maraş prokurorluğunun baş müstəntiqi olub. 2007-ci ildə Ermənistan Baş Prokurorluğu istintaq və ilkin istintaqın qanunliyinə nəzarəti həyata keçirən idarənin prokuroru olub.

Beş il İrəvan qarnizonu hərbi prokurorunun müavini, daha sonra prokuroru olub. Ermənistan polisində müxtəlif vəzifələrdə, o cümlədən polisin daxili təhlükəsizlik idarəsinin rəisi olub. 2017-ci il martın 23-də Ermənistan prezidentinin müvafiq əmri ilə hərbi prokuror təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR