Bakı, 8 may, AZƏRTAC
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.
Bu barədə Bakıya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında qurumun prezidenti Suma Çakrabarti məlumat verib. O deyib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı enerji səmərəliliyi, regionlarda infrastrukturun möhkəmləndirilməsi kimi layihələrdə Azərbaycanla sıx əməkdaşlıq edəcək. Suma Çakrabarti bələdiyyələrə dəstək məqsədilə də birgə işləməyi planlaşdırdıqlarını bildirib. Həmçinin qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı qeyri-neft sektoruna xarici investorların cəlb olunması istiqamətində çalışır. “Bizim layihələrimizin məqsədi Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə dəstəkdir. Rəqabətin gücləndirilməsi, kənd təsərrüfatı, maliyyə institutlarının inkişafı və bankların potensialının artırılması əsas prioritetlərimizdəndir”, - deyə Bankın prezidenti vurğulayıb.
“Biz “Şahdəniz” layihəsində də iştirak etmək niyyətindəyik”, - deyən Suma Çakrabarti əksər layihələrin kiçik, orta və iri sahibkarlığa dəstək məqsədi daşıdığını vurğulayıb. Qeyd edib ki, 22 illik əməkdaşlıq çərçivəsində Bank Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən özəl şirkətlərə ən çox investisiya yatıran təşkilatdır.