Rəşid Behbudovla bağlı dəhşətli mənzərə: Kürəkəni...

Rəşid Behbudovla bağlı dəhşətli mənzərə: Kürəkəni...
13:12 3 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanın görkəmli müğənnisi Rəşid Behbudovla bağlı yaradılmış "Rashid Behbudov Official" rəsmi Yutub kanalının iki ili tamam olur.

Milli.Az bildirir ki, bu barədə Kult.az-a danışan Rəşid Behbudovun kürəkəni Kamil Şahverdinin dediyinə görə, kanal Rəşid Behbudov Fondu tərəfindən yaradılıb. Kanalı fondun bədii rəhbəri Rəşidə Behbudova və direktoru Kamil Şahverdi idarə edir:

"Müasir dövrdə sosial şəbəkələrin rolunu nəzərə alaraq, Rəşid Behbudov irsinin gələcək nəsillərə Yutub vasitəsilə daha keyfiyyətli şəkildə çatdırmaq məqsədilə bu kanalı yaratmağa qərar verdik. Qısa zaman kəsiyində kanalı ziyarət edənlərin sayı 3 milyon nəfərə yaxındır. Bunu da qeyd edək ki, kanalı 70-ə yaxın ölkədə izləyirlər. Çox maraqlıdır ki, kanal doğma vətənimiz və qardaş ölkə Türkiyədən sonra Rusiya, ABŞ, Almaniya, Qazaxıstan, Ukrayna, Kanada, İngiltərə və İsraildə sevilir və maraqla izlənilir".

Kamil Şahverdi deyib ki, kanalı yaradanda Rəşid Behbudova daha çox yaşlı nəslin baxacağı gözlənilsə də, statistika ortaya fərqli nəticə qoyub:

"İstəyirəm, sizə statistik göstəricini təqdim edim. Kanalı izləyənlərin yaş həddi belədir:

1. 18-34 yaş arası - 61%

2. 35-44 yaş arası - 15%

3. 45-54 yaş arası - 9%

4. 13-17 yaş arası - 3,6%

Kanala indiyə qədər cəmi 90 video yüklənib. Bu, əlimizdə olan materialların cüzi bir hissəsidir. Digər materialların müasir texnoloji tələblərə uyğunlaşdırılması üzərində işlər gedir və hazır olduqca hər həftə bir əsər paylaşılacaq".

Kamil Şahverdi çox ciddi bir problemə də diqqət çəkib:

"Biz bu kanalı yaradanda elə bilirdik ki, hər şey qaydasında olacaq. Amma sonradan gördük ki, dəhşətli mənzərə yaranıb. Təsəvvür edin ki, ən məşhur dünyəvi musiqi platformalarında (Əpl müzik, Spotifi, Şazam, SaundKlod, Amazon, Yandeks müzik və s.) Rəşid Behbudovun mahnıları yerləşdirilib. Dünyanın bir çox ölkələrində bəzi şirkətlər Rəşid Behbudovun ifalarına qanunsuz olaraq lisenziyalar əldə edərək, qeyri-qanuni şəkildə bu platformalarda satış həyata keçirirlər. ABŞ, İngiltərə, Hollandiya, Rusiya, Yunanıstan, Polşa və digər ölkələrdə qeydiyyatda olan bu şirkətlərin Rəşid Behbudovun ifalarına lisenziyanı hansı yollarla əldə etmələri bizə məlum deyil. Bu bir yana, əsas problemlərdən biri də budur ki, bu mahnıların adları dəyişdirilir, müəlliflərin adları saxtalaşdırılır və Azərbaycan musiqi mədəniyyətinə ağır zərbə vurulur".

Kamil Şahverdi artıq məsələlərin həlli üçün Azərbaycan Respublikasının aidiyyəti qurumlarına müraciət olunduğunu bildirib:

"Bu problemlər həllini tapandan sonra "Rashid Behbudov Official" Yutub kanalı daha dinamik inkişaf mərhələsinə qədəm qoyaraq, dünyəvi, meqa kanala çevriləcək və Azərbaycan musiqi mədəniyyətini bütün dünyada daha geniş təbliğ edəcək.

Sonda əsl musiqiyə dəyər verməyi bacaran bütün oxucuları, rəşidsevərləri "Rashid Behbudov Official" Yutub kanalına abunə olmağa və kanalda paylaşılan mahnılara öz fikirlərini yazmağa dəvət edirik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR