Qasım Süleymani kim idi və onun öldürülməsi hansı nəticələr yaradacaq, qisas necə alınacaq… - FOTO

Qasım Süleymani kim idi və onun öldürülməsi hansı nəticələr yaradacaq, qisas necə alınacaq… - FOTO
17:52 4 Yanvar 2020
181 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində İranın qüdrətli generalı, "Əl-Qüds" qüvvələrinin komandanı Qasım Süleymaninin Bağdad aeroportu rayonunda öldürülməsi beynəlxalq medianın bir nömrəli müzakirə mövzusudur.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu hadisə Azərbaycanda da geniş müzakirə olunur və heç bir şübhə yoxdur ki, Trampın əmri ilə Amerikanın MQ-9 "Reaper" pilotsuz təyyarəsindən endirilən raket zərbələrinin nəticələri ölkəmizdə də özünü göstərəcək. Və artıq göstərməkdədir, amma bu baxımdan müsbət mənada da ki, neft kəskin bahalaşıb. Yəni Azərbaycanın gəlirləri artır. Lakin regionda təhlükəsizlik riskləri də kəskin artır və bu baxımdan neftin bahalaşması bu risklərin fonunda heç də cəlbedici görünmür.

General Qasım Süleymani kim idi?

80-ci illərdə bütün bölgəni təsiri altına almış İran-İraq müharibəsindən indiyədək İranın bu bölgədəki təhlükəsizlik siyasətinin müəyyənləşdirilməsində önəmli rol oynamış Qasım Süleymani İranın son 10 ildə Livan, İraq, Suriya, Qəzza və Yəməndə fəaliyyət istiqamətlərini müəyyənləşdirib.

Amerika Birləşmiş Ştatlarının 2020-ci ilin yanvarın 23-də Bağdadda həyata keçirdiyi hücumda öldürülmüş İran İnqilab Keşikçilərinin Qüds qüvvələrinin rəhbəri Qasım Süleymani ibtidai sinifi bitirib və sonralar tikintidə fəhlə kimi çalışıb. 1956-cı ildə İranın cənub-şərqində Əfqanıstan sərhəddinə yaxın yerləşən Rabort kəndində anadan olmuş (Azərbaycanda bir çox sosial şəbəkə istifadəçiləri yanlış olaraq onu etnik azərbaycanlı kimi təqdim edir) Süleymani 19 yaşında ikən İranın Ali dini lideri Ayətullah Əli Xameneyinin müridlərindən birinin mühazirələrinə getməyə başlayır. Daha sonra isə o, Xameneyi ilə birbaşa əlaqə qurur.

Bir neçə il sonra İran İslam İnqilabı baş verdikdən sonra Xameneyi liderlik əldə edir, Süleymani isə İnqilab Keşikçiləri Korpusunun önəmli şəxslərindən biri olur. İran-İraq müharibəsində cəbhədə döyüşdükdən sonra o, uzun müddət Əfqanıstan sərhədindəki qüvvələrin rəhbəri kimi fəaliyyət göstərir. 90-cı illərdə Taliban İranın şərq sərhədlərində daha sıx fəaliyyətə başlayanda Tehran Səudiyyə Ərəbistanını və Pakistanı günahlandırır.

Xameneyi 1998-ci ildə İnqilab Keşikçilərinin ən qüvvətli qolu olan Qüds qüvvələrinin başına Süleymanini gətirir. Qüds qüvvələrini İran İnqilabından sonra İranın təsirini bölgəyə yaymaq üçün təşkil olunmuşdu. Qasım Süleymaninin Qüds qüvvələrinə rəhbər gətirilməsindən sonra bu birləşmə bütün bölgədə kəşfiyyat aparan, xüsusi əməliyyatlar həyata keçirən, sadəcə dövlətlərlə deyil, həmçinin digər qruplarla da yaxın münasibət quraraq fəaliyyətini geniş tutan silahli gücə çevrilir.

Qasım Süleymani ilə bağlı New Yorker nəşrinə şərh verən İran rəsmilərindən biri belə deyib: "İclaslar zamanı otağın bir küncündə səssizcə oturar, danışmaz, şərh verməz, sadəcə dinlər. Ancaq həmin vaxt ərzində otaqdakı hər kəs onun nə düşündüyünü düşünərdi".

2018-ci ildə Maryland Universitetinin İraqPoll-la birlikdə apardığı sorğuya görə, Qasım Süleymani 83 faiz səslə İraqda "ən sevilən şəxs" olub.

Suriyaya şiə döyüşçülərini gətirən adam

Qüds qüvvələri və Qasım Süleymani son zamanlar döyüşçülər vasitəsiylə bölgədə təsirini artırıb. Suriyada yaxın münasibətdə olduğu dövlət başçısı Bəşər Əsəd idarəetməsinə qarşı başlayan vətəndaş müharibəsində o, Əsəd tərəfdən döyüşmək üçün Əfqanıstan, İraq və Livandan şiə hərbi qüvvələrini Suriyaya göndərib. O, vətəndaş müharibəsi boyunca bir neçə dəfə Suriyanın müxtəlif bölgələrində cəbhədə görünüb.

2014-cü ildən etibarən Suriyada Qüds qüvvələri əsgərlərinin dəfn mərasimi həyata keçirilib, İran mediası da bu mərasimləri işıqlandırıb. 2013-cü ilin iyun ayında Livan sərhədində Küseyrin Şam ordusu tərəfindən ələ keçirilməsi müxaliflərin 2 ildə böyük gəlirlər əldə etdiyi vətəndaş müharibəsinin yönünü dəyişdirən hadisə oldu.

Qasım Süleymaninin burada oynadığı rol isə Həsən Nəsrullahdan "Hizbullah" döyüşçülərini Küseyrə göndərməsini istəmək olub. "Hizbullah"ın ilk dəfə Suriyada aktiv döyüşdüyü cəbhədə Əsəd böyük bir qazanc əldə etdi. Süleymani Livandakı fəaliyyətini "Hizbullah" rəhbəri Həsən Nəsrullahla çox yaxın münasibət quraraq genişləndirmişdi.

Livandakı bir çox siyasətçi və mütəxəssis Livan siyasətinə və İsraillə olan qarşıdurmalara istiqamət verən təşkilatın "Hizbullah" olmadığını, birbaşa Qüds qüvvələri və Qasım Süleymani olduğunu bildirir. Qasım Süleymani öldürülmüş "Hizbullah" komandirlərinin dəfn mərasiminə də qatılıb.

O, İranın dövlət televiziyasına verdiyi bir müsahibəsində 2006-cı ildə Livan-İsrail müharibəsi zamanı cəbhəyə gedərək "Hizbullah" döyüşçülərinə rəhbərlik etdiyini demişdi. Fələstində İsrailə qarşı sərt münasibətiylə bilinən "Həmas" qruplaşmasıyla da yaxın münasibəti olub.

ABŞ-la aparılan danışıqlar

ABŞ 2001-ci ilin 11 sentyabrında New York-dakı hücumda "Əl-Qaidə"ni məsul hesab etdikdən və Əfqanıstana qarşı hərbi əməliyyat keçirəcəyini açıqladıqdan sonra Cenevrədə İran və ABŞ rəsmiləri arasında görüşlər keçirilib. Çünki həmin vaxt İran da Səudiyyə Ərəbistanına aid etdiyi bu birləşməyə qarşı Əfqanıstan sərhədində mübarizə aparırdı.

İran heyəti Qasım Süleymaninin rəhbərliyi ilə tapdıqları və "Əl-Qaidə"yə aid olduğunu düşündükləri bütün qruplaşmaların yerlərini amerikalılarla paylaşıb. Bu məhdud müttəfiqlik ABŞ-ın 2003-cü ildəki işğalı zamanı başa çatıb. Bundan sonra Qüds qüvvələrinə bağlı olan "Hizbullah Tuqayları", Mehdi Ordusu və hazırda "Həşdi-Şəbi"-nin əksəriyyətinin təşkil olunduğu şiə Bədir Tuqayları ABŞ işğalına qarşı mübarizə aparmaq üçün birləşdirilib.

İlkin mərhələdə İraqın sünni liderləri İrana qarşı 8 il ərzində mübarizə aparmış Səddam Hüseynin devrilməsi üçün ABŞ işğalına gizlincə dəstək versə də, Hüseynin edamından sonra ABŞ-a qarşı mübarizəyə başladılar.

2007-ci ildə iki ölkə arasında bir sıra danışıqlar aparıldı. Bağdadda görüşən ABŞ və İran rəsmiləri İraqdakı dini qarşıdurmalarla necə mübarizə aparacaqlarını müzakirə etdilər.

Həmin danışıqlarda iştirak etmiş ABŞ-ın buradakı keçmiş səfiri Rayan Kroker  BBC-yə verdiyi müsahibədə həmin danışıqlarda General Süleymaninin oynadığı gizli rolu belə izah edir: "İran təmsilçisi davamlı fasilə verilməsini tələb edirdi. Səbəbini əvvəlcə anlamamışdım. Daha sonra başa düşdüm ki, özünün bilmədiyi məsələlərlə bağlı bir şey dediyim zaman Tehrana zəng edib, məsləhət alırdı. Təmsilçi Tehran tərəfindən ciddi təlimat alırdı. Telefonun o biri başındakı şəxs Qasım Süleymani idi".

Süleymaninin 2010-cu ildə İrana yaxınlığı ilə tanınan Nuri Əl-Malikinin İraqda Baş nazir seçilməsində də təsiri olub.

"Həşdi-Şəbi"-nin arxasında duran güç

2014-cü ildə İŞİD-in Mosulu ələ keçirməsindən sonra iraqlı şiə lideri Əl-Sistani İŞİD-ə qarşı mübarizəyə çağırış etdiyində Qasım Süleymani bu çağırışı fürsətə çevirdi. O, İŞİD-ə qarşı döyüşmək üçün gələn gəncləri Həşdi-Şəbinin qruplarına qəbul edərək 50 mindən artıq döyüşçü əldə etdi.

O, "Hizbullah Tuqayları" və Bədir qrupunu da Həşdi-Şəbinin tərkib hissəsinə çevirə bildi. İŞİD-lə mübarizə zamanı Qasım Süleymani dəfələrlə İraq cəbhəsində görüldü. Bədir qrupunun və "Həşdi-Şəbi"-nin rəhbəri Hadi Əl-Əmiri 2015-ci ilin martında Qasım Süleymani ilə münasibətləri barədə "Nə zaman ehtiyacımız olsa, ondan məsləhət alırıq, o da bizə kömək edir" demişdi.

2014-cü ildə ABŞ da beynəlxalq koalisiyanın bayraqdarı olaraq İraqda İŞİD-ə qarşı əməliyyatlara başlamışdı.

2015-ci ildə o zamankı Mərkəzi Kəşfiyyat Agentliyinin rəhbəri John Brennan Qasım Süleymaninin İraqda şiə hərbçiləri ilə birlikdə İŞİD-lə döyüşlərini idarə etməsini tənqid edərək "Süleymaninin İraqda İŞİD-lə mübarizəni çətinləşdirdiyini" demişdi.

"İranın İraqda önəmli bir rol oynamasının qarşısını alacağıq. Məncə, iraqlılarla birlikdə çalışaraq o rolu oynamağa can atırlar, lakin biz də iraqlılarla birgə fəaliyyət göstəririk".

"New York Times" da İranın İraq üzərindəki təsirindən bəhs edilən məqaləsində "İranın beynəlxalq təhlükəsizliyi üçün önəmli hesab etdiyi İraq, Suriya və Livandakı siyasətinin İran İnqilab Keşikçiləri və ona bağlı özəl qruplaşmaların və Qüds qüvvələri tərəfindən formalaşdırıldığını" yazmışdı.

Qəzet İranda mövcud və keçmiş idarəetmədə yer almış mənbələrə istinad edərək İranın bu ölkələrə Xarici İşlər Nazirliyi yerinə İnqilab Keşikçilərinin tərkibində fəaliyyət göstərmiş şəxslərdən səfir yolladığını yazır.

Bu mənbələr İraqda İnqilab Keşikçiləri və kəşfiyyat fəaliyyətləri ilə məşğul olanların birgə fəaliyyət göstərdiklərini bildirir. 2018-ci ildə ABŞ ordusunun Yaxın Şərqdəki fəaliyyətinə məsul olan şəxslərdən Cozef  Votel "harada İranın aktivliyini görsək orada Qasım Süleymanini görürük. Lideri olduğu Qüds qüvvələri də ən böyük təhlükədir" demişdi.

2019-cu ilin oktyabrında İnqilab Keşikçilərinin rəhbəri Hüseyn Taeb İsrail-Ərəb ortaq sui-qəsd qrupuna işləyən və Qasım Süleymanini öldürmək üçün planlar quran üç nəfərin saxlandığını bildirmişdi. İsrail mediası yazır ki, mart ayında İsrailin Xarici İşlər naziri İsrael Katz "Qasım Süleymanini kökündən qazımağa çalışırıq" demişdi. Avqust ayında İsrail Suriyada Qüds qüvvələrinin bazalarının olduğu deyilən bəzi hədəflərə doğru hava hücumları təşkil etmişdi.

İran Qasım Süleymaninin öldürülməsinin qisasını necə alacaq?

Bəs Qasım Süleymaninin Trampın əmri ilə İraqda öldürülməsinə İran necə bir cavab verəcək?

"Qisas alınacağı gözləniləndir",- BBC-nin müdafiə və diplomatik məsələlər üzrə müxbiri Conatan Markus belə yazır.

Zəncirvari intiqam aktları iki ölkəni birbaşa münaqişəyə gətirə bilər. Vaşinqtonun  İraqda gələcəyi sual altına düşəcək. Və Prezident Trampın regionla bağlı strategiyası varsa da, hər zamankından daha artıq sınanacaq. Bu hücum amerikalıların İrana "müharibə elanıdır", Ağ Evin Obama admninstrasiyası üçün Yaxın Şərq və Körfəz koordinatoru olmuş Filip Qordon deyir.

Qüds Qüvvələri İran təhlükəsizlik qüvvələrinin xaricdə əməliyyatlara məsul qanadıdır. Süleymani İranın nüfuzunu Livan, İraq, Suriya və digər ölkələrdə hücumlar və ya Tehranın müttəfiqlərini dəstəkləmək yoluyla genişləndirən bir hərbçi idi. Vaşinqton  üçün isə o, əlinə ABŞ qanı bulaşmış bir qatil idi. Ancaq o İranın özündə də böyük rəğbət sagibi idi. O Tehranın ABŞ sanksiyaları və təzyiqinə qarşı mübarizəsinə rəhbərlik edən biri idi.

Bəs bundan sonra nə olacaq? Əsas sual budur. Prezident Tramp bəlkə də ümid edir ki, bir sərrast həmlə ilə İranı qorxudub və regiondakı İsrail və Səudiyyə Ərəbistanı kimi müttəfiqlərinə dişlərinin hələ də iti olduğunu göstərib. Ancaq İranın ağır zərbəylə cavab verməyəcəyini düşünmək belə mümkün deyil. O cavab tezliklə olmayacaqsa belə.

İraqdakı 5000 ABŞ qoşunu potensial hədəfdir. Onun kimi də, İramın və ya onun proksilərinin əvvəllər vurduğu digər hədəflər. Körfəzdə gərginlik hədsiz yüksək olacaq. Təəccüblü deyil ki, ilk reaksiya neftin qiymətlərindəki artım oldu.

ABŞ və onun müttəfiqləri müdafiə olunmağa çalışacaqlar. Vashington artıq Bağdaddakı səfirliyində təhlükəsizliyi gücləndirib. O, regiondakı hərbi ayaq izlərinin sayını tezliklə artırmaq planı da hazırlayacaq. Ancaq mümkündür ki, İranın cavabı assimetrik- başqa sözlə, hücuma hücumla cavab yox, Süleymaninin yaratdığı və maliyyələşdirdiyi "proksilərin" yardımından yararlanmaq - olsun.

General Süleymaninin hücumla öldürülməsi ABŞ hərbi kəşfiyyatı və bacarıqlarının nümayiş etdirilməsi idi. Regionda çoxları onun ölümünə ağlamayacaq. Amma Prezident Tramp tərəfindən bu, nə qədər müdrik qərar idi?

Pentaqon bundan sonra baş verəcəklərə hazırdırmı? Bəs bu hücum cənab Trampın regionda strategiyası barədə bizə nə deyir? Bu strategiya dəyişibmi? İranın əməliyyatlarına tolerantlıq indi sıfır səviyyəsinəmi enib? Yoxsa bu, prezidentin şübhəsiz ki, "çox pis adam" hesab etdiyi İran komandirini sadəcə aradan qaldırmaq istəməsi idimi?

Qasım Süleymaninin öldürülməsi regiona necə təsir edə bilər?

İran ordusunun ən önəmli rəhbərlərindən olan yüksək çinli komandirlərindən birinin ABŞ tərəfindən öldürülməsi bu ölkəylə İran arasındakı gərginliyin daha da artmasına səbəb olacaq. İranın dini lideri Əli Xameneyi dövlət televeziyasındakı çıxışında Süleymaninin "cənnətə getdiyini, günahkarların çox sərt bir intiqamla cəzalandırılacağını" bildirib:"Süleymaninin öldürülməsi ölkədə İsrailə və ABŞ-a qarşı mübarizə stimulunu ikiqat artıracaq. Dünən gecəki hadisədə əllərini onun və digər şəhidlərin qanlarına bulayan günahkarları çox sərt intiqam gözləyir".

Süleymaniylə birlikdə öldürüldüyü iddia edilən Əl Mühəndisi İraqdakı "Həşdi-Şəbi" ordusunun Hadi Əl Əmiridən sonra ikinci önəmli fiquruydu. "Hizbullah Tuqayları"nın rəhbəri Əl Mühəndisi bir il əvvəl verdiyi müsahibədə Süleymaniylə münasibətlərini "əsgərin komandirinə bağlılığı" kimi ifadə etmişdi.

ABŞ 8 noyabr 2019-cu ildə "Həşdi-Şəbi"ni "terror təşkilatı" olaraq qəbul etdiyini açıqlamışdı.

Yaxın Şərq mütəxəssisləri "Twitter"də əməliyyatın əhəmiyyətini və mümkün nəticələrini şərh ediblər.

Vashington-un Yaxın Şərq İnstitutunun direktoru Çarles Lister  yazıb ki, "Süleymaninin öldürülməsinin nəticələrini təxmin etmək çox çətindir. Bu, Yaxın Şərqdə son illərin ən böyük xəbəridir". O, ABŞ-n tezliklə Suriyadan və İrakdan tamamən çıxa biləcəyini qeyd edib.

"İran ABŞ-ın verə biləcəyi reaksiyalara ciddi yanaşmadı",-bunu  yazan Qlobal Siyasət Mərkəzi Qeyri-hökumət Aktyorları Proqramının direktoru Hassan Hassan bu ölkənin son həftələrdəki hərəkətlərini sadalayıb:

§  ABŞ-ın pilotsuz təyyarəsini məhv edib;

§  Səudiyyə Ərəbistanındakı neft təsislərinə hücum edib;

§  Amerikanın hərbi bazasına hücum edib, podratçılardan birini öldürüb;

§  ABŞ səfirliyinə hücum təşkil edib;

§  Bütün bunların ardınca da Süleymani məğlubedilməz olduğunu düşünərək ortalıqda açıq şəkildə dolaşmağa davam edib.

Gərginlik necə artdı?

2015-ci ildə İranla beş ölkə (BMT Təhlükəsizlik Şurasının üzvləri ABŞ, Çin, Rusiya, İngiltərə, Fransa və Almaniya) arasında imzalanmış 5+1 formatlı razılaşmadan sonra ölkədəki uran sentrifuqaları təxliyə edilmişdi.Genişmiqyaslı Ortaq Fəaliyyət Planı adlandırılan bu razılaşmaya görə, beynəlxalq iqtisadi sanksiyalar aradan qaldırılmalı, İran nüvə fəaliyyətini məhdudlaşdırmalıydı.

Ancaq 2018-ci ilin may ayında ABŞ prezidenti Donald Trump Amerikanın bu razılaşmadan çıxdığını açıqlamış, İrana qarşı sanksiyaları bərpa etmişdi.Bundan sonra iki ölkə arasında gərginlik bərpa olunmuş, son aylarda daha da artmışdı.

İlk hadisələrdən biri 12 may 2019-cu ildə BƏƏ-nin Fuceyrə əmirliyindəki dörd tankerin partlaması oldu. Onlardan ikisi Səudiyyə Ərəbistanı, biri Norveç, biri də BƏƏ bayrağı altında üzürdü. ABŞ baş verənlərə görə İranın məsuliyyət daşıdığını açıqladı, İran iddiaları rədd etdi.

Bu hadisədən bir ay sonra rəsmi Tehran 27 iyun 2019-cu ildə zənginləşdirilmiş uranla bağlı razılaşmada nəzərdə tutulmuş 300 kq-lıq limiti keçəcəyini bəyan etdi.

Bu tarix hələ gəlib çatmamış Ümman dənizində bir Yaponiya və bir İsveç neft tankerində partlayışlar baş verdi. ABŞ peyk görüntülərinə istinad edərək hadisənin İnqilab Keşikçiləri tərəfindən törədildiyini bildirdi.

İran bu iddiaları rədd etdi. Ardınca Amerika bölgəyə 1000 əsgər göndərəcəyini açıqladı.İyunun 20-sində isə İnqilab Keşikçiləri pilotsuz ABŞ təyyarəsinin İranın hava ərazisinə girdiyini və onu vurduğunu bəyan etdi. Vurulmuş texnikanın sərnişin təyyarəsi böyüklüyündə olduğu bildirildi.

Bundan sonra Amerika İrana qarşı şəxsən Əli Xameneyiyə də toxunan yeni sanksiyalar tətbiq etdi. Sanksiyalar barədə qərarını açıqlayan Trump təyyarənin vurulmasına cavab olaraq İrandakı 3 hədəfə hücum planı hazırladıqlarını, "ancaq əməliyyatda 150 nəfər öləcək deyə" ondan vaz keçdiklərini bildirdi.

İranla müharibə istəmədiyini deyən Tramp belə bir məcburiyyət yaranacağı təqdirdə bu ölkənin "yox olmaq təhlükəsiylə üz-üzə qlacağını" dedi.

14 sentyabrda Səudiyyə Ərəbistanındakı üç böyük neft təsisinə hücumlar oldu, ölkənin neft hasilatı yarıbayarı azaldı. Həm rəsmi Riyad, həm də rəsmi Vashington bu hücumlara görə İranın məsuliyyət daşıdığını açıqladı. Rəsmi Tehran bu iddianı da rədd edərək istənilən hücuma dərhal və ciddi cavab veriləcəyini bildirdi. İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanının neft təsislərinin Yəməndəki husilər tərəfindən, xəbərdarlıq olaraq vurulduğunu dedi.

İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən ordusuna qarşı vuruşurlar. (BBC-nin materialları əsasında)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR