x
Loading...

Uşaqlarda dəmir çatışmazlığı varsa nə etməli? - Tanınmış pediatrdan MƏSLƏHƏTLƏR

Uşaqlarda dəmir çatışmamazlığının səbəbləri çoxdur.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən pediatr-neonatoloq Altay Abdullaoğlu deyir ki, körpə yaşlarında anada olan problemlər, qan azlığı olması, onda olan bəzi xəstəliklər səbəb ola bilir. Daha böyük yaşlarda isə düzgün qidalanmamaq, xəstəliklər, qidalanma tərzinin düzgün olmamasına bağlıdır.

Bəs uşaqlarda qan azlığı varsa nə etməli?

"Qan azlığı- anemiya səbəbləri həddən artıq çoxdur. Ən başlıca səbəb dəmirlə zəngin qidalardan az istifadə edilməsi, düzgün qidalanmamaqdır. Ümumiyyətlə uşaqlara balanslaşdırılmış qidalanma tövsiyə edirik. Çeşidli qidalara üstünlük verilməlidir. Xüsusilə paxlalı bitkilər, yaşıl tərəvəzlər, yumurta, qırmızı ət, qaraciyərdə dəmir daha çoxdur. Səhv qidalanma, karbohidratlardan və süddən çox istifadə edilməsi qan azlığına səbəb yaradır".

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünya əhalisinin 30 faizində dəmir çatışmazlığı ola bilər. Dəmir qan tərkibinin ən vacib maddələrindən biridir. Hemoqlobinin yaranmasında iştirak edən dəmir qırmızı qan hüceyrələrinin tərkib hissəsidir. Orqanizmdə dəmir çatışmazlığı olduqda qanda hemoqlobinin səviyyəsi aşağı düşür və toxumalar oksigenlə lazımınca təmin oluna bilmir. Mütəxəssislərin fikrincə, gün ərzində kişilər 10 mq, qadınlar 20 mq, hamilələr 30-35 mq, uşaqlar 4-18 mq dəmir qəbul etməlidirlər. Bu ehtiyacı ödəmək üçün də tərkibində dəmir çox olan qidalarla qidalanmaq lazımdır. Bəs bu qidalar hansılardır?

Metbuat.az dəmirlə zəngin qidaların siyahısını təqdim edir.

İspanaq

Bir porsiya ispanağın tərkibində 6,43 mq dəmir var. Hər gün bir boşqab ispanaq yedikdə qanda dəmirin səviyyəsi yüksələr.

Cirə

Dəmirlə zəngin ədviyyatlardan biri cirədir. Tərkibində 2,79 mq dəmir var.

Cəfəri

Çiy olaraq və yeməklərə qatılaraq yeyilən bu faydalı göyərtinin tərkibində 1,88 mq dəmir var.

Zərdəçal (sarıkök)

Min bir dərdin dərmanı sayılan zərdəçalın bir xüsusiyyəti də dəmirlə zəngin olmasıdır. Belə ki, 1 qaşıq sarıkök 1,82 mq dəmir deməkdir.

Çuğundur yarpağı

Çuğundurun özü qədər, yarpağı da şəfa mənbəyidir. Bu qidadan bir pors yeməklə orqanizm 2,74 mq dəmirlə təmin olunar.

Qulançar

Sağlamlığa olduqca faydalı olan qulançar immuniteti artırmaq xüsusiyyətinə malikdir. Qulançarın bir porsu 1,64 mq dəmir ehtiva edir.

Acı bibər

Bir acı bibərin tərkibində təxminən 0,93 mq dəmir var.

Soya lobyası

Sağlıq və şəfa mənbəyi sayılan soya lobyası dəmirlə olduqca zəngindir. Tərkibindəki dəmirin miqdarı təxminən 8,84 mq sayılır.

Mərcimək

Mərcimək şəfa və enerji mənbəyi adlanan paxlalılardan biridir. Tərkibində dəmir yüksək miqdardadır. Belə ki, bir pors mərciməyin tərkibində orta hesabla 6.59 mq dəmir var.

Zeytun

Əsasən də yaşıl zeytun dəmirlə daha zəngindir – 4,44 mq.

Balqabaq toxumu

Olduqca faydalı qida olan balqabaq toxumu 2,84 mq dəmir ehtiva edir. Çərəz kimi də yeyə bilərsiniz.

Brüssel kələmi

Pəhriz saxladığınız zaman kökəltməyən və enerji verən qida axtarırsınızsa, brüssel kələmi sizə tam uyğundur. Tərkibindəki dəmir sayəsində sağlam şəkildə çəkinizi azaldacaq, eyni zamanda enerji ehtiyacınızı qarşılayacaq.

Yaşıl noxud

Bir pors yaşıl noxudun tərkibində 2, 24 mq dəmir var.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR