Metbuat.az Tural İsmayılovun şeirlərini təqdim edir:
Nəfəsindəyəm
Süni intellekt əsrində
Sevgilərimiz də virtualdır
Sözlərimiz də,
Bizi anlamaq istəyinlərin fədakarlığında
Ruhunda gizlənir ilahi sevdalar.
İnternet əsrinin uşaqları başqa cür sevir
Gülüşlər smayliklərdə gizlənir,
Arzularımız klaviaturanın hərflərindədir sanki.
Bundan sonra hər şey dəyişəcək,
Tək aşiq olandakı həyəcan
Əllərin titrəməsindən savayı
İlk sevgidə gizlidir ölənə qədər davam edən kədərin açarı.
Uşaqların təbəssümü pisliklərə zərbədir
Əli qabarlı fəhlənin sevinci kimidir
Öz zəhmətinlə qurduğun sevgi binası.
Sevmək bizi itirmək istəməyənlərin qorxusudur
Varlığımızı ürək döyüntüsü etməsidir.
Hələ də başqa coğrafiyalarda sərgərdan qalıb ədalət
Bir günəş
Bir səma
Bir Allah
Bir dünya var ikən
Nifrət milyon qəlbə sığır
Sevməməyin lənətidir müharibələr həm də.
Sevmək ruhun şahlanışıdır,
“Sənsiz ola bilmərəm”,
“Sənsiz ölə bilərəm”
“Sənsiz sönmüş cəsəd kimiyəm”
“Sənlə nəfəsindəyəm” deyə bilməkdir.
Ruhun alqoritması
Musiqi norları kimi yaşayırıq
Sevinclərimiz notların fasiləsizliyi,
Göz yaşlarımız tez bitən simfoniya,
Və hər şey həm də o qədər adiləşib ki,
Başqaları ağlayanda ağlaya bilmirik,
Başqaları güləndə sevinmirik,
“Biz” olmaqdır həmrəylik,
“Yar” olmaqdır sirdaşlıq.
Ruhun alqoritması düz xəttli deyil,
Necə ki biz doğulandan
Ölənə kimi əyri xətlərlə vuruşuruq.
Nə fərqi var ki, sən məmursan,
Yoxsa pinəçi, Hamımız eyni qəbiristanlıqda uyuyuruq.
Feyerbax
Fəlsəfə aşiqlərinin poeziyasıdır ümidlər
İnsan olmaq təkcə var olmaq deyil,
Bir heyvanın acılarını duymayandan
Bir insana kömək gözləmək əbləhliyidir acizlik.
Bütün bəşəriyyətin axtardığı suallara cavab tapa bilmirik,
Afrikada körpələr ac olanda
İsveçrədə kürü yeməkdir həyat.
Bütün bu fəlsəfi seytnotda
Feyerbaxın şübhəsidir insan olmaq.
Ən ali varlıq insandırsa əgər,
Güldən bal düzəldən arı nədir görəsən?