​Kremlin səbr kasası dolub: Ermənistan KTMT-ilə “qovdu-qaçdı” oynayır

Rusiya Xarici İşlər Nazirliyinin KTMT məsələləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Viktor Vasilyev deyib ki, Ermənistanın bu təşkilat ilə əməkdaşlıq olmadan hərbi təhlükəsizliyi mümkün görünmür.

Diplomat düşünür ki, Rusiya Qərb dövlətlərinin Ermənistandakı vəziyyətdən istifadə edib təkcə orada deyil, bütün Qafqazda gərginlik yaratmaq cəhdlərini görür.

Vasilyevin açıqlamasına münasibət bildirən Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü hesab edir ki, Ermənistan hakimiyyətinin atdığı addımlara, qəbul etdiyi qərarlara baxanda İrəvanın KTMT-yə ehtiyacı olmadığı görünür:


“Hazırda Ermənistanda düşüncə, ideya bundan ibarətdir ki, bizə KTMT lazım deyil. Onların atdığı bütün addımlar da, KTMT-dən, hətta MDB-dən də uzaqlaşma xəttini götürdükləri ortadadır. Nə qədər də Rusiya hakimiyyəti başda prezident Vladimir Putin olmaqla bu məsələlərə səbrlə, dözümlə yanaşsalar da vəziyyət bundan ibarətdir ki, Ermənistan bu təşkilatdan nəinki çıxmağa, hətta qaçmağa çalışır”.

İrəvanın bu istəyini müxtəlif yollarla ifadə etdiyini vurğulayan siyasi şərhçi qeyd edib ki, hazırda Rusiya bu məsələyə dözümlü yanaşsa da, bu məsələdə sona qədər səbr nümayiş etməyəcək:

“Ermənistanın bu addımına qarşı artıq Rusiyadan müəyyən açıqlamalar, narazılıq, təhdid, hədə, dolu açıqlamalar səslənir. Ermənistan Baş naziri Nikol Paşinyan hakimiyyətə elan edir ki, onlar Avropaya inteqrasiya yolunu seçiblər. Özlərini “əkiz bacı” hesab edən Fransa-Ermənistan cütlüyü, bölgəyə heç bir aidiyyəti olmayan tərəfləri bu proseslərə cəlb etməyə çalışır. Onların bu cəhdində məqsəd Cənubi Qafqazda gərginlik artırmaqdır. İrəvanın Avropaya inteqrasiya adı altında atdığı addımların regionda təzyiqi artırdığı aşkardır. Çünki Fransadan aldığı silahlar və digər istiqamətdə əldə etdikləri dəstək ancaq aqressiyanı artırmağa xidmət edir”.

Qeyd edək ki, Ermənistan KTMT-nin yekun sənədlərini hələ də imzalamayıb. Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr hələ davam edir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı