Qərb İrəvanı müharibəyə hazırlaşdırır - "Bakı hər şeyin fərqindədir"

"Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında həssas vəziyyət yaranıb. Belə ki, iki ölkə arasında danışıqlar prosesi gedir, sərhəd görüşləri keçirilir. Fevralın 17-də Münhendə baş tutan üçtərəfli görüşdən sonra bu gün Almaniyanın paytaxtı Berlində XİN başçıları bir araya gələcək. İrəvan və Bakı arasında təmasların davam etməsi, görüşlərin qısa zaman ərzində baş tutması, habelə danışıqlar masasında Bakının irəli sürdüyü beş baza prinsipi əsasında tərtib edilən ilkin sülh sənədinin olması müsbət haldır".

Metbuat.az bildirir ki, bu sözləri politoloq Turan Rzayev deyib. O bildirib ki, sülhə danışıqları getsə də, təmaslar qurulsa da, risk faktorları qalır:

"Məhz bu risk faktorları qeyd etdiyim həssas vəziyyəti yaradır. Yəni sülh danışıqları rahatlıqla gərginliyə çevrilə bilər. Məsələ ondadır ki, başda Fransa olmaqla Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır. Bu proses əsasən iki səpkidə özünü göstərir:

1. Qərb mediasında genişlənən anti-Azərbaycan isteriyası;

2. Ermənistanın silahlandırılması;

Bu gün Qərbdə və Ermənistanda məqsədyönlü şəkildə Azərbaycanın hücuma hazırlaşması haqda dezinformasiyalar yayılır. Bu dezinformasiyalar Fransa və onun dəstəklədiyi media subyektləri vasitəsilə dərc edilib, muzdlu ekspertlər vasitəsilə arqumentləşdirilib tirajlanır. Paris və onun trayektoriyasındakı Qərb ölkələri bu yolla həm qərb auditoriyalarında Azərbaycanın mənfi imicini yaradır, həm də Ermənistan daxilində panika, qorxu və revanşizm meyillərini artırırlar. Ermənistan müharibəyə hazırlıq istiqamətində silahlandırılır. Paris bu istiqamətdə Hindistanla ortaq hərəkət edir və maksimum qısa müddətdə İrəvanı lazımi silahlarla təmin etməyə çalışır.

Diqqətçəkən məqam budur ki, Fransa Aİ missiyası adı altında regiona öz jandarmlarını, xüsusi təyinatlılarını, agentlərini yeridir. Şərti dövlət sərhədində yerləşdirilən bu qüvvələr isə açıq-aşkar Azərbaycan haqda kəşfiyyat məlumatlarının toplayıb, “binokl diplomatiyası” üçün casusluq edir. Azərbaycan mövcud vəziyyətin və Parisin nə etmək istədiyinin fərqindədir. Buna görə də israrla sülh prosesinə fokuslanıb, təxibatlara cavab vermir. Bizim üçün prioritet sülh müqaviləsidir, lakin məsələ Fransaya cavabdırsa, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti bunu təmin edir".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı