Piylənmənin fəsadları: İnfarkt, insult, təziq...

Genetika piylənmənin əsas faktorlarından biridir. İnsanların artıq çəkiyə meyli çox vaxt onların yaxın qohumları və ailə üzvləri arasında müşahidə olunur. Tiroid vəzinin disfunksiyası metabolizmi zəiflədərək, maddələr mübadiləsini pozur və artıq bədən çəkisinə səbəb olur. Piylənmə dedikdə, əsas da qarın nahiyəsinə diqqət yetirmək lazımdır. Normalda kişilər üçün bel 94 santimetr, qadınlar üçün 80 santimetrdən çox olmamalıdır.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov piylənmənin fəsadları barədə danışaraq deyib.

Mütəxəssis bildirib ki, yuxu pozuntusu da çox ciddi amillərdən hesab olunur. Tədqiqatlar müəyyən edib ki, insanlar nə qədər az yatsa, onların artıq çəki və ya piylənmə ehtimalı bir o qədər yüksək olur: “Bu qismən ona görədir ki, yuxu zamanı ifraz olunan hormonlar iştahanı və bədənin enerji istifadəsini idarə etməyə kömək edir. Həmçinin stres və depressiya zamanı da bəzi insanlar daha çox nəzarətsiz qida qəbuluna meylli olurlar”.

Həkimin sözlərinə görə, bəzi xəstəliklər artıq çəki ilə birbaşa əlaqəlidir: “İkinci tipli diabetli xəstələrin demək olar ki, əksəriyyəti artıq çəki və ya piylənmədən əziyyət çəkir. Piylənmə yağ turşularının səviyyəsini artırır və nəticədə diabetə səbəb ola biləcək iltihablı prosesləri təhrik edir.

Bel çevrəsinin ölçüsü ilə təzyiq, infarkt və insult xəstəlikləri ilə sıx bağlılıq var. İnsult, infarkt, hipertoniya, xərçəng kimi xəstəlikləri birbaşa artıq bədən çəkisi ilə bağlılığı danılmaz faktdır. Ultrasəs müayinəsində istənilən orta bədən çəkili bir insanı müayinə etdikdə bəzən qaraciyər yağlanması diaqnozu aşkarlanır. Bundan əlavə, piylənmə alkoqol asılılığının nəticəsi də ola bilər”.

Mütəxəssis sağlam qidalanma və artıq çəkidən qorunmaq üçün tövsiyələr verib. O qeyd edib ki, sağlam qidalanma insanın həyat tərzinin ən mühüm aspektlərindən və onun sağlamlığına təsir edən amillərdən biridir: “Sağlam qida insanın normal inkişafını və həyat fəaliyyətini təmin və xəstəliklərin qarşısının alınmasına kömək edən faktordur. Təbii qidalar, mövsümi meyvə və tərəvəzlər xüsusilə faydalı hesab olunur. Qeyri-bitki yağları zərərli xolesterini artıraraq, damarların kirəcləşməsinə ateroskleroz dediyimiz tıxanmaya səbəb ola bilir. Antik mütəfəkkir Sokratın məşhur bir deyimi var: yemək üçün yaşamaq deyil, yaşamaq üçün yemək lazımdır.

Vətəndaşlar arasında yüksək şəkərli un məhsullarına daha az meyli təbliğ etmək lazımdır. Şəkər bəlkə də insan orqanizmi üçün ən arzuolunmaz məhsuldur. Ona görə də təbii, emala məruz qalmayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həmçinin düzgün yuxu rejiminə riayət etmək vacibdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı