Türkiyədə seçkilər başa çatdı

Türkiyədə yerli özünüidarəetmə orqanları seçkilərinə səsvermə bitib.

Metbuat.az xəbər verir ki, seçki prosesi yerli vaxtla saat 08:00-da (ölkənin şərqindəki 32 vilayətdə saat 07:00-dan etibarən) başlayıb.

Seçkilər çərçivəsində ölkənin 81 vilayəti, 922 rayonu üzrə yerli hakimiyyət orqanlarında təmsilçilik uğrunda 34 siyasi partiya və müstəqil namizədlər mübarizə aparıb. Səsvermə nəticəsində 81 il (vilayət), 973 rayon və 390 qəsəbənin bələdiyyə sədri, həmçinin 50 min 336 muxtar seçiləcək.

Qeyd edək ki, 61 milyon 441 mindən çox seçici səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparıblar. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.

Səsvermə prosesi yerli vaxtla saat 17.00-da, Türkiyənin şərqindəki 32 vilayətdə isə yerli vaxtla saat 16.00-da başa çatıb.

Türkiyənin iqtidarda olan Ədalət və İnkişaf Partiyasından (AK Parti) İstanbul Böyükşəhər Bələdiyyə başçılığına Murat Kurum, Ankara Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə isə Turgut Altınokun namizədliyi irəli sürülüb.

Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasından (CHP) isə İstanbul Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə Əkrəm İmamoğlunun, Ankara Böyükşəhər Bələdiyyə başçısı vəzifəsinə isə Mansur Yavaşın namizədliyi irəli sürülüb.

Bundan əlavə, media tərəfindən seçkilərin nəticələrinə dair proqnozların açıqlanması yerli vaxtla saat 18.00-a qədər qadağan olunub. Saat 18:00 - 21:00 arasında isə yalnız Ali Seçki Şurası (YSK) tərəfindən paylaşılan xəbərlər mediada dərc edilə bilər.

Saat 21:00-dan sonra bütün yayımlar sərbəst olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı