Bakıda alıcılar at əti ilə aldadılır? - "İt əti də qadağan deyil"

"Azərbaycana at ətinin idxal olunmasında təəccüblü bir şey yoxdur. Satışda olması istisna olunmur. Lakin bu ət heyvanxana və digər məqsədlər üçün gətirilə bilər. Onu da qeyd edək ki, ölkədə heç bir ətin satışına qadağa qoyulmayıb. İt ətinin, pişik ətinin, ümumiyyətlə elə bir qayda yoxdu ki, hansısa ətin satışı qadağan edilsin".

Bu sözləri Metbuat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, belə bir qadağanın olmaması bazarda boşluqlar yaradır:

"Təsadüfi deyil ki, Azərbaycan istehlakçıları ət almaq üçün marketlərə getmir, küçədən ət alırlar. Gözləri görəni almaq istəyirlər. Çünki Qida Təhlükəsizliyi Agentliyi insanların inamını qazana bilməyib. Mütləq Nazirlər Kabinetinin, Qida Təhküləsizliyi Agentliyinin ənənəvi olmayan ətlərin satışının qadağan olunması ilə bağlı qərarı olmalıdır. Belə bir qadağa yoxdur. Ona görə də, istisna olunmur ki, ən prestijli yerdə də qarışıq ət satıla bilər, at əti və başqa ətlə qarışdırıla bilər".

Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda hələ də heyvanların identifikasiya işi həyata keçirilməyib:

"Nəzarət edilməlidir ki, marketlərdə olan ət bükülmüş olsun, üzərində buraxılma tarixi olsun. Yararlılıq müddəti, hansı firmadan gəlməsi haqqında məlumatlar qeyd olunsun. Bunlar hamısı yox dərəcəsindədir. Ona görə də, insanlar küçə kəsiminə üstünlük verirlər. Bu səbəbdən istisna olunmur ki, at əti hər birimizin süfrəsinə gəlib çıxa bilər".

Qeyd edək ki, Qazaxıstandan Azərbaycana yüksək miqdarda at ətirinin idxal edilməsi ilə bağlı iddialar yayılıb və bu məsələ sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı