İran ordusuna əmr verildi - Böyük müharibə başlayacaq?

"İndiyə qədər İsrail İran ərazisində müxtəlif vasitələrlə hücüm əməliyyatları icra edib. İran tərəfi də bu məsələ ilə bağlı sərt bəyanatlar verib. Bu dəfə də İran ali dini lideri İsrail ərazisinə zərbələr endirilməsi ilə bağlı əmr verib. Biz bunun yaxın keçmişdə də şahidi olmuşuq. Lakin gözlənilmir ki, İranın cavab zərbələri geniş miqyaslı müharibəyə gətirib çıxarsın".

Bu sözləri Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, İranın məhdud miqyaslı zərbələri ola bilər:

"İran da indiki vəziyyətdə İsrailə qarşı genişmiqyaslı müharibənin başlanılmasının tərəfdarı deyil. Çünki bütün bu baş verən hücümlar İranın hava hücumundan müdafiə sisteminin effektiv olmadığını göstərir. Digər tərəfdən isə İran prezidentinin iqamətgahından bir qədər aralıda yerləşən İsmayıl Haniyənin yaşadığı binanın vurulması onu göstərir ki, İsrail İran ərazisində istənilən hədəfi aradan qaldıra bilər. Belə olan halda, İran yalnız məhdud miqyaslı zərbələr ilə kifayətlənəcək".

Qeyd edək ki, HƏMAS rəhbəri İsmayıl Haniyə Tehrandakı iqamətgahının raketlə vurulması nəticəsində həyatını itirib. İran ali dini lideri Əli Xamenei hadisəyə cavab olaraq İsrailə birbaşa zərbələr endirmək əmri verib.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı