“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın hədəflərindən olan infrastrukturun təkmilləşdirilməsi, alternativ nəqliyyat həllərinin təşviqi və ictimai nəqliyyatın əhatə dairəsinin genişləndirilməsi çərçivəsində mövcud problemlərin aradan qaldırılması üçün mühüm addımlar atılır.
Metbuat.az xəbər verir ki, bu barədə AYNA-dan məlumat verilib.
Dövlət proqramına əsasən, Xırdalan şəhərindən M4 - Bakı-Şamaxı avtomobil yoluna dəmir yolunun altından 3 fərqli yerdən tunellər inşa ediləcək. Bununla da vətəndaşların yalnız Bakı-Sumqayıt yolundan istifadə məcburiyyəti aradan qalxacaq və ərazidən çıxış üçün rahat alternativ yollar yaradılacaq.
Layihənin digər mühüm hissəsi isə Xırdalan dəmiryolu stansiyası ilə bağlıdır. Belə ki, yeni giriş-çıxışlardan biri məhz bu stansiyanın yaxınlığında təşkil ediləcək. Eyni zamanda, stansiyanın qarşısında müasir Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) inşası nəzərdə tutulur. Bu addım həm dəmiryolu stansiyasına gediş-gəlişin səmərəliliyini artıracaq, həm də ictimai nəqliyyatın əhatə dairəsini genişləndirəcək.
Qeyd edilən irimiqyaslı infrastruktur layihələri Xırdalan şəhərinə yeni nəfəs və hərəkət sərbəstliyi gətirəcək. Bu yeniliklər eləcə də Hökməli, Sulutəpə, Xocasən, Müşfiqabad və 28 May qəsəbələrinin sakinlərinə, həmçinin ətrafda yerləşən universitetlərlə rahat əlaqə qurmaq üçün mühüm alternativlər formalaşdıracaq.
Eyni zamanda, qeyd edilən yollarda nəqliyyat hərəkətlərinin tənzimlənməsi məqsədilə Xırdalan şəhəri - M1 - Masazır-Novxanı yolunu birləşdirən yeni avtomobil yolunun tikintisi, Xırdalan dairəsində yolayrıcının təkmilləşdirilməsi və M1 - Bakı-Sumqayıt yolundan M4 yoluna, Şamaxı istiqamətinə tunel vasitəsilə çıxışın təşkili həyata keçiriləcək.
Hazırda sözügedən layihələrin hazırlanması həyata keçirilir, istiqamətlərdən biri üzrə isə artıq tikinti işlərinə başlanılıb. Ümumilikdə, bu layihələrin 2027–2030-cu illər ərzində tam yekunlaşması gözlənilir.