AI sistemlərinin tətbiqi yalnız texnoloji imkanların genişləndirilməsi deyil, həm də insan hüquqlarının, təhlükəsizliyin, şəffaflığın və ictimai maraqların qorunması yönündə yeni çağırışlar formalaşdıran bir prosesdir. Bu baxımdan süni intellekt texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin və dövlətlərin üzərinə yeni məsuliyyətlər qoyulur. Beynəlxalq təşkilatlar son illərdə qəbul etdikləri sənədlərdə AI sistemlərini hazırlayan şirkətlər, eləcə də onların fəaliyyətini tənzimləyən dövlətlər üçün müxtəlif hüquqi və etik öhdəliklər formalaşdırırlar.
UNESCO-nun “AI etikası üzrə Tövsiyə”si məsuliyyət və hesabatlılıq, şəffaflıq, insan nəzarəti, təhlükəsizlik və məlumatların qorunmasını əsas prinsiplər sırasında müəyyən edir. Avropa İttifaqının “AI Aktı” isə bu prinsiplərin bir hissəsini konkret hüquqi tələblərə çevirərək AI sistemlərinin təchizatçıları və tətbiqçiləri üçün öhdəliklər müəyyənləşdirir.
AI şirkətlərinin öhdəlikləri
Süni intellekt sistemlərini hazırlayan və bazara çıxaran şirkətlərin məsuliyyəti yalnız modelin texniki baxımdan işlək olmasını təmin etməklə məhdudlaşmır. Beynəlxalq AI idarəçiliyi yanaşmalarında sistemlərin hazırlanması və istifadəsi prosesində mümkün risklərin azaldılması mühüm tələb kimi nəzərdən keçirilir. UNESCO-nun “Süni intellektin etikası haqqında Tövsiyə”sində AI sistemləri ilə bağlı təhlükəsizlik, şəxsi məlumatların qorunması, şəffaflıq və izaholunma, məsuliyyət və hesabatlılıq, audit və insan nəzarəti əsas prinsiplər sırasında göstərilir. Sənəd AI sistemlərinin audit edilə bilən və izlənilə bilən olmasını, həmçinin onların insan hüquqlarına və digər sahələrə mümkün təsirlərinin əvvəlcədən qiymətləndirilməsini nəzərdə tutur ( Recommendation on the Ethics of Artificial Intelligence:https://www.unesco.org/en/legal-affairs/recommendation-ethics-artificial-intelligence ).
Bu prinsiplər Avropa İttifaqının “AI Aktı”nda daha konkret hüquqi öhdəliklərə çevrilir. Yüksək riskli AI sistemlərinin təchizatçıları risklərin idarə edilməsi sistemi yaratmalıdır. Onlar məlumatların idarə olunması və keyfiyyətinə dair tələblərə əməl etməlidirlər. Təchizatçılar sistemlərin şəffaflığını təmin etməli, insan tərəfindən effektiv nəzarətə imkan yaratmalıdırlar.
AI Act-ın 14-cü maddəsi belə sistemlərin istifadə olunduğu müddətdə insanlar tərəfindən effektiv şəkildə nəzarətdə saxlanılmasını nəzərdə tutur ( https://eur-lex.europa.eu/legal-content/EN/TXT/?uri=CELEX%3A32024R1689 ).
Şirkətlərin digər mühüm öhdəliyi hesabatlılıq və risklərin əvvəlcədən qiymətləndirilməsidir. AI sisteminin istifadəsi nəticəsində insan hüquqlarına, təhlükəsizliyə və ya digər qanuni maraqlara zərər yarana biləcəyi halda, şirkət bu riskləri yalnız problem ortaya çıxdıqdan sonra deyil, sistem hazırlanarkən və tətbiqə verilməzdən əvvəl müəyyənləşdirməlidir. Bu yanaşma AI-nin “sınaqdan keçirildikdən sonra məsuliyyət” modelindən “riskin əvvəlcədən idarə olunması” modelinə keçidi ifadə edir. UNESCO da risk qiymətləndirilməsini AI istifadəsindən yarana biləcək zərərin qarşısının alınmasının əsas vasitələrindən biri kimi təqdim edir.
Şəffaflıq da şirkətlərin əsas öhdəliklərindən biridir. İstifadəçi hansı hallarda AI sistemi ilə qarşılıqlı əlaqədə olduğunu, sistemin hansı imkan və məhdudiyyətlərə malik olduğunu və onun nəticələrinin hansı dərəcədə etibarlı hesab edilə biləcəyini bilməlidir. Bu tələb xüsusilə generativ AI sistemləri üçün əhəmiyyətlidir. Çünki belə sistemlər insan tərəfindən yaradılmış mətn, görüntü, audio və videoya çox yaxın məzmun yarada bilir.
Müəllif hüquqları üçün təminat
Aİ istehsalçıları üçün müəyyənləşdirilən digər mühüm istiqamət müəllif hüquqlarının qorunmasıdır. AI sistemlərinin hazırlanmasında istifadə olunan məlumatların qanuni mənbələrdən əldə edilməsi, şəxsi məlumatların qorunması və müəlliflik hüquqlarının nəzərə alınması şirkətlərin məsuliyyət sahəsinə daxil edilir. UNESCO-nun yanaşmasında məxfilik və məlumatların qorunması AI sisteminin istisnasız təmin edilməli olduqları prinsip kimi müəyyən edilir. Bu məsələ xüsusilə generativ AI şirkətləri üçün aktualdır, çünki böyük həcmdə məlumatların toplanması və modellərin təlimində istifadəsi müəllif hüquqları və şəxsi məlumatların qorunması ilə bağlı yeni suallar yaradır.
Beləliklə, beynəlxalq sənədlərdə AI şirkətlərinin məsuliyyəti bir neçə mərhələni əhatə edən bütöv bir sistem kimi formalaşır: risklərin əvvəlcədən müəyyənləşdirilməsi, təhlükəsiz və etibarlı sistemlərin hazırlanması, məlumatların qanuni və məsuliyyətli istifadəsi, şəffaflıq, insan nəzarəti, audit və hesabatlılıq. Bu yanaşma şirkətin “AI məhsulunu yaratdım və bazara çıxardım” məsuliyyətindən daha genişdir. Şirkət texnologiyanın cəmiyyətə və insan hüquqlarına mümkün təsirlərini də nəzərə almalıdır.
Xüsusi öhdəliklər
Generativ süni intellekt sistemlərinin sürətlə yayılması bu texnologiyaları hazırlayan şirkətlərin üzərinə digər AI sistemləri ilə müqayisədə əlavə məsuliyyətlər qoyur. Bunun əsas səbəbi generativ AI modellərinin böyük həcmdə məlumatlar üzərində öyrədilməsi, müxtəlif sahələrdə istifadə oluna bilməsi və onların yaratdığı məzmunun insanlar tərəfindən real məzmundan fərqləndirilməsinin çətinləşməsidir. Avropa İttifaqının AI Aktı bu xüsusiyyətləri nəzərə alaraq AI modellərinin təchizatçıları üçün ayrıca şəffaflıq, müəllif hüquqları və təhlükəsizlik tələbləri müəyyən edir.
Generativ AI şirkətlərinin əsas öhdəliklərindən biri model haqqında texniki məlumatların sənədləşdirilməsi və downstream, yəni həmin modeli öz AI sistemlərinə inteqrasiya edən digər təchizatçılara lazımi məlumatların təqdim edilməsidir. Məqsəd sonrakı istifadəçilərin modelin imkanlarını, məhdudiyyətlərini və mümkün risklərini anlamasına şərait yaratmaqdır. Bu məlumatlar eyni zamanda həmin sistemləri tətbiq edən şirkətlərin öz hüquqi öhdəliklərini yerinə yetirməsinə kömək etməlidir.
Generativ AI şirkətləri üçün digər mühüm məsələ AI tərəfindən yaradılan və ya manipulyasiya edilən məzmunun müəyyən edilə bilməsidir. “AI Aktı”nın 50-ci maddəsinə əsasən, 2 avqust 2026-cı ildən müvafiq AI sistemlərinin təchizatçıları süni şəkildə yaradılan və ya dəyişdirilən audio, görüntü, video və mətnlərin mümkün qədər maşın tərəfindən oxuna bilən formada işarələnməsini təmin etməlidirlər.
Bu mexanizmin məqsədi AI məzmununun aşkarlanmasını asanlaşdırmaq və onun insanları aldatmaq və manipulyasiya etmək riskini azaltmaqdır. Avropa Komissiyasının 2026-cı ildə dərc etdiyi “Guidelines on Transparency of AI-Generated Content” sənədi bu öhdəliklərin tətbiqinə dair praktiki izahlar verir. “Code of Practice on Transparency of AI-Generated Content” isə şirkətlərə bu tələblərə əməl etmək üçün praktiki mexanizmlər təqdim edir. Kod könüllü xarakter daşıyır, lakin AI Act-in 50-ci maddəsindəki şəffaflıq tələbləri hüquqi öhdəlik olaraq qalır ( https://digital-strategy.ec.europa.eu/en/policies/code-practice-ai-generated-content ).
Beləliklə, beynəlxalq sənədlərdə generativ AI şirkətləri üçün tərtib edilən öhdəliklər üç əsas istiqamətdə cəmlənir: model və məlumatlar barədə şəffaflıq, müəllif hüquqlarına hörmət və risklərin idarə edilməsi.
Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb
Məqalələr maarifləndirici xarakterlidir. Süni intellekt sistemlərindən etik çərçivədə və effektiv şəkildə istifadə etmək vərdişlərin yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.
Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Süni intellektin mediaya təsirləri: fürsətlər və risklər” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 12 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.