Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) Anar Bayramovun icraçı direktor vəzifəsinə təyin olunmasından sonra kadr dəyişiklikləri davam edir. Son olaraq bu gün Zığ Sağlamlıq Mərkəzinin baş həkimi Naibə Əzizova vəzifəsindən azad olunub. Ötən gün isə iki departament rəhbəri işdən çıxarılıb.
Metbuat.az-ın məlumatına görə, dünən imzalanan əmrlə TƏBİB-in Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynov və Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli vəzifələrindən azad ediliblər. Bununla yanaşı, qurumun strukturunda da dəyişiklik edilib. Beynəlxalq əlaqələr departamentinin yerində şöbə yaradılıb və Atilla-Turan Nuru oğlu Bayramov həmin şöbəyə rəhbər təyin olunub. Müraciətlərlə iş departamenti İnzibati idarəetmə departamenti ilə birləşdirilib, yeni strukturda rəhbər vəzifəyə Elvin Bayramov gətirilib. Təlim və tədqiqatlar departamentinin rəhbəri vəzifəsinə isə Elza Əfəndiyeva təyin olunub.
Bu dəyişikliklər Anar Bayramovun TƏBİB-də həyata keçirdiyi kadr siyasətini bir daha gündəmə gətirib. Açıq mənbələrdə yayılan məlumatların ümumiləşdirilməsi göstərir ki, onun bu ilin aprelində yeni vəzifəsinin icrasına başlamasından sonra bir sıra departament rəhbərləri və digər yüksək vəzifəli şəxslər vəzifələrindən uzaqlaşdırılıb.
İlk mərhələdə İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev, İnzibati idarəetmə departamentinin rəhbəri Vasif Səfərov, Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fidan Mahmudova, İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, İnsan resursları departamentinin Təlim və effektivliyin qiymətləndirilməsi şöbəsinin müdiri Babək Tağızadə və İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin Daxili kommunikasiya şöbəsinin müdiri Könül Əhmədova vəzifələrindən azad ediliblər.
İyunun əvvəlində isə daha iki vəzifəli şəxslə bağlı qərar verilib. TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli və Həssas əhali qrupları ilə iş departamentinin Əlillik məsələləri üzrə iş şöbəsinin müdiri Şöhrət Soyziyev işdən çıxarılıb. Həmin vaxt yayılan məlumatlarda TƏBİB-də kadr dəyişikliklərinin genişmiqyaslı olduğu vurğulanıb.
Aprelin 22-də isə Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov və Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov vəzifələrindən uzaqlaşdırılıblar. Məlumata görə, bununla bağlı Anar Bayramov müvafiq əmrlər imzalayıb. Həmin vaxt mediada TƏBİB-də artıq 10-dan çox vəzifəli şəxsin işdən azad edildiyi qeyd olunurdu.
Sonrakı aylarda kadr dəyişiklikləri təkcə aparat strukturları ilə məhdudlaşmayıb. İyunun 24-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının, Şəki Rayon Mərkəzi Xəstəxanasının və Şirvan Rayon Mərkəzi Xəstəxanasının direktorları vəzifələrindən azad ediliblər. Bununla bağlı da TƏBİB-in icraçı direktoru Anar Bayramov tərəfindən əmrlərin imzalandığı vurğulanıb.
İyunda Yeni Klinikanın direktor müavini Ravil Tağıyevin də vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb. Bu qərarın da Anar Bayramovun imzaladığı əmrlə verildiyi açıqlanıb.
İyulun sonunda isə daha iki baş həkimlə bağlı qərar verilib. 27 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sevinc Yusifova və Xətai rayonundakı 7 saylı Şəhər Poliklinikasının baş həkimi Şəlalə Səfərova vəzifələrindən azad ediliblər. Yusifovanın təqaüdə göndərildiyi, Şəlalə Səfərovanın yerinə isə hələlik yeni təyinat olmadığı bildirilib.
Beləliklə, açıq mənbələrdə adı çəkilən və Anar Bayramovun TƏBİB-ə rəhbərlik etdiyi dövrdə vəzifədən azad edildiyi bildirilən şəxslərin sayı son qərarlarla birlikdə ən azı 16 nəfərə çatır. Burada söhbət yalnız mediada konkret adı və vəzifəsi açıqlanan şəxslərdən gedir. TƏBİB-in bütün strukturunda verilmiş əmrlərin tam siyahısı ictimaiyyətə açıqlanmadığından faktiki rəqəmin daha çox olması istisna edilmir.
Son qərar isə göstərir ki, TƏBİB-də struktur və kadr dəyişiklikləri hələ də davam edir. İndiki mərhələdə departamentlərin birləşdirilməsi, bəzi strukturların şöbə səviyyəsinə keçirilməsi və rəhbər vəzifələrə yeni şəxslərin gətirilməsi diqqət çəkir.