“Qalatasaray”ın yeni transferi Aleksey Batrakovla bağlı Rusiyada diqqətçəkən açıqlama verilib.

Metbuat.az Rusiya mediasına istinadən xəbər verir ki, rusiyalı jurnalist İvan Karpov 20 yaşlı futbolçunun transferi ilə bağlı maraqlı fikirlər səsləndirib.

Karpovun sözlərinə görə, Rusiya Premyer Liqasının ən istedadlı futbolçularından biri hesab olunan Batrakovla PSJ də maraqlanıb. Lakin fransalıların istəyinə baxmayaraq, gənc futbolçunu heyətinə qatan klub “Qalatasaray” olub.

Rusiyalı jurnalist Batrakovun İstanbul təmsilçisinin hücum xəttinə ciddi töhfə verə biləcəyini düşünür. Onun fikrincə, gənc yarımmüdafiəçi mövsüm ərzində ən azı 8 qol vura və Viktor Osimhenə 10 məhsuldar ötürmə edə bilər.

Batrakovun əsas üstünlükləri sırasında texniki bacarığı, meydanı yaxşı görməsi və hücumların qurulmasındakı rolu göstərilir. Onun “Qalatasaray”da özünü doğrultacağı təqdirdə Avropanın böyük klublarının diqqətini yenidən cəlb edə biləcəyi bildirilir.

Qeyd edək ki, Aleksey Batrakov son illərdə Rusiya futbolunun üzə çıxardığı ən perspektivli gənc futbolçulardan biri hesab olunur.