SOCAR istiqrazlarının müvafiq buraxılışının bazardan çıxması Azərbaycanda korporativ qiymətli kağızlarla REPO əməliyyatlarının həcmini kəskin azaldıb.
Metbuat.az xəbər verir ki, bunu Bakı Fond Birjasının maliyyə analitiki Nərmin Bayramlı deyib.
Onun sözlərinə görə, 2026-cı ilin ilk yarısında korporativ qiymətli kağızlarla REPO əməliyyatlarının həcmi 0,96 milyard manat olub. Ötən ilin eyni dövründə bu göstərici 11,85 milyard manat təşkil edib. Beləliklə, əməliyyatların həcmi 91,9 faiz azalıb.
Eyni zamanda, dövlət istiqrazları ilə REPO əməliyyatlarının həcmi 19,25 milyard manatdan 19,97 milyard manatadək yüksəlib və ümumi REPO dövriyyəsinin təxminən 93 faizini təşkil edib.
Ümumilikdə, 2026-cı ilin ilk yarısında REPO əməliyyatlarının ümumi dövriyyəsi 21,57 milyard manat olub. Bu, illik müqayisədə 30,9 faiz azdır.
N.Bayramlı azalmanın səbəblərindən biri kimi bank sektorunda yüksək likvidliyi də göstərib. Onun sözlərinə görə, banklarda izafi likvidliyin olması qısamüddətli maliyyələşmə üçün REPO alətinə tələbi azaldır.