“Williams” komandası Formula 1 üzrə Azərbaycan Qran-prisinə FW48 bolidi üçün mövsümün ən böyük yeniləmə paketlərindən birini gətirir.

Metbuat.az xəbər verir ki, əsas dəyişiklik avtomobilin çəkisinin əhəmiyyətli dərəcədə azaldılmasıdır. FW48 mövsümün əvvəlində minimum çəki limitindən ən azı 20 kiloqram ağır olub. Komanda yeni və daha yüngül şassi ilə bu problemi aradan qaldırmağa çalışıb.

Yeniliklər yalnız şassi ilə məhdudlaşmır. Bakı üçün hazırlanan paketə yeni döşəmə və arxa hissə elementləri, ön və arxa hissədə aerodinamik dəyişikliklər, əyləc sisteminin hava axınını yönləndirən elementləri və arxa asqıda yeniliklər daxildir.

“Williams” pilotu Aleks Albon yenilənməni “böyük addım” adlandırıb. O bildirib ki, avtomobilin çəkisinin azalması dövrə vaxtına birbaşa müsbət təsir göstərəcək.

MKomanda yoldaşı Karlos Sayns isə daha ehtiyatlı danışıb. Onun sözlərinə görə, yenilənmiş avtomobil əslində “Williams”ın mövsümə başlamalı olduğu səviyyəyə daha yaxındır və dəyişikliklərin komandanı dərhal rəqiblərindən üstün etməsi gözlənilmir.

Yeni FW48-in real potensialı Bakı Şəhər Halqasında keçiriləcək Azərbaycan Qran-prisi zamanı üzə çıxacaq.