Əncir ağacı ilə bağlı aparılan yeni araşdırma onun yalnız meyvəsi ilə deyil, atmosferdəki karbonun torpaqda uzun müddət saxlanılması baxımından da mühüm xüsusiyyətə malik olduğunu ortaya çıxarıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrə, Avstriya, ABŞ və Keniyadan olan alimlərin apardığı araşdırmada Keniyada yetişən bəzi əncir növlərinin atmosferdəki karbon qazını udaraq onu torpağın altında kalsium karbonata, yəni əhəngdaşına çevirdiyi müəyyənləşib.
Alimlərin fikrincə, bu proses oksalat-karbonat dövranı vasitəsilə baş verir. Ağac fotosintez zamanı atmosferdən qəbul etdiyi karbon qazını kalsium oksalat kristallarına çevirir. Daha sonra yarpaq və budaqlar torpağa düşür, mikroorqanizmlər tərəfindən parçalanır və oksalat kalsium karbonata çevrilir.
Beləliklə, karbon qaz şəklində yenidən atmosferə qayıtmaq əvəzinə mineral formada torpaqda qalır. Araşdırmaya görə, bu üsulla torpaqda saxlanılan karbon min illər ərzində qorunub saxlanılır.
Tədqiqatçılar hesab edirlər ki, əncir ağacının bu xüsusiyyəti iqlim dəyişikliyi ilə mübarizədə həyata keçirilən ağaclandırma layihələri üçün yeni imkanlar yaradır. Zürih Universitetindən alim Mayk Rouli də kənd təsərrüfatı və meşəçilik layihələrində həm üzvi, həm də qeyri-üzvi karbonu saxlaya bilən ağac növlərinə üstünlük verilməsinin vacibliyini vurğulayıb.
Maraqlıdır ki, əncir ağacının adı Qurani-Kərimdə də çəkilir. “Tin” surəsinin ilk ayəsində “And olsun əncirə və zeytuna” ifadəsi yer alır.
Araşdırmada Keniyada yetişən əncir ağacları ilə yanaşı, Qərbi və Mərkəzi Afrikanın tropik meşələrində bitən iroko ağacının da karbonu mineral formada torpaqda saxlamaq qabiliyyətinə malik olduğu qeyd edilir.