Havanın çirklənməsi dünyanın bir çox şəhərində ciddi ekoloji problemlərdən biri olaraq qalır. Nəqliyyat vasitələrinin tullantıları, sənaye fəaliyyəti və digər amillər atmosferin keyfiyyətinə mənfi təsir göstərir. Yeni hesabat isə havanın ən çox çirkləndiyi şəhərləri bir daha gündəmə gətirib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, IQAir şirkətinin 2025-ci il üzrə dünya hava keyfiyyəti hesabatında Hindistanın Loni şəhəri dünyanın ən çirkli havaya malik şəhəri kimi göstərilib.

Hesabata əsasən, Lonidə PM2.5 adlanan incə hissəciklərin illik orta konsentrasiyası hər kubmetr üçün 112,5 mikroqram təşkil edib. Bu, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi göstəricidən 22 dəfədən çoxdur. Hindistanın digər şəhərləri ilə yanaşı, Asiyanın bir sıra yaşayış məntəqələri də hava çirkliliyinin yüksək olduğu yerlər sırasında qərarlaşıb.

PM2.5 hissəcikləri olduqca kiçik olduğundan tənəffüs yollarına daxil olaraq ağciyərlərin dərinliklərinə qədər çata bilir. Bu hissəciklərin yüksək konsentrasiyası insan sağlamlığı üçün ciddi təhlükə yaradır və müxtəlif xəstəliklərin yaranma riskini artırır.

Mütəxəssislər hava çirkliliyinin azaldılması üçün nəqliyyat və sənaye tullantılarının məhdudlaşdırılmasının, təmiz enerji mənbələrindən istifadənin genişləndirilməsinin və ekoloji tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayırlar.