“Adımdan saxta WhatsApp hesabı açılması faktı ilə ötən ay mən də rastlaşmışdım. Tanımadığım nömrə üzərindən yaradılan həmin hesabın profilində fotoşəklim, adım və soyadım yerləşdirilərək müxtəlif şəxslərə mesajlar göndərilmişdi”.

Metbuat.az xəbər verir ki, bunu media eksperti Müşfiq Ələsgərli "Facebook" hesabında paylaşımında qeyd edib.

O bildirib ki, hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına müraciət edib və zəruri tədbirlər görülüb.

M.Ələsgərli son günlər bu cür kiberdələduzluq hallarının davam etdiyinə diqqət çəkərək vətəndaşları diqqətli olmağa çağırıb.

“Tanımadığınız nömrələrdən gələn mesajlara, hətta həmin hesabların profilində tanıdığınız şəxslərin fotoşəkli, adı və soyadı olsa belə, yoxlamadan inanmayın. Belə mesajlarla sizdən pul köçürmək, bank kartı məlumatlarını və ya şifrələri təqdim etmək tələb olunarsa, qətiyyən buna razı olmayın və dərhal hüquq-mühafizə orqanlarına məlumat verin”, - deyə media eksperti bildirib.