Tanınmış xanəndə, xalq artisti, "Şöhrət" ordenli Mənsum İbrahimovun 55 illik yubileyi Ağdamın Quzanlı qəsəbəsində qeyd edildi. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Ağdam Olimpiya İdman Kompleksində keçirilən tədbirdə çıxış edənlər Mənsum İbrahimovun musiqi mədəniyyətimizin inkişafındakı rolundan danışdılar. Bildirildi ki, xalq artisti yaratdığı obrazlarla, muğamın tədrisi və təbliği istiqamətində gördüyü işlərlə Azərbaycan musiqisinə böyük xidmət edib. Onun fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Elə bunun nəticəsidir ki, sənətkar 1998-ci ildə əməkdar artist, 2005-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb:

"Mənsum müəllim şərəfli bir yol keçib. Əsl xanəndə yolu keçib. Xanəndə var, deyirlər, xanəndənin yolu, cığırı. Amma Mənsum müəllim əsl xanəndə yolu qoyub. Cığır yox, yol", - deyə xanəndə Səbuhi İbayev bildirib.

Yubilyar çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirdi. Növbəti belə toplantıların işğal altındakı torpaqlarımızda keçirilməsini arzuladı. Öz yubileyinin Ağdamda keçirilməsinin səbəblərindən danışdı: "Buraya Azərbaycanın böyük sənətkarlarını, xalq artistlərini, əməkdar artistləri, bu torpaqda doğulan sənətkarları dəvət etdim. Çünki bu insanların burada mənəvi dəstəyə çox ehtiyacı var. Biz bu gün bunların yanındayıq, dəstəyik".

Yubiley tədbirində xalq artistləri Arif Babayev, Aygün Bayramova, Nəzakət Teymurova, əməkdar artistlər Təyyar Bayramov, Cabir Abdullayev, Səbuhi İbayev, Sevinc Sarıyeva, gənc xanəndə Elşad Aydınoğlu və gitara ifaçısı Rəmişin ifasında muğam, təsnif və xalq mahnıları səsləndirildi.

Milli.Az