Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xətti ilə Həcc ziyarətindən avtobusla dönən zəvvarların bir qismi Gürcüstan-Azərbaycan sərhədinin “Qırmızı körpü”də keçid məntəqəsində saxlanılıb.

Zəvvar Ramil Bayramovun APA-ya verdiyi məlumata görə, zəvvarları gətirən 20-yə yaxın avtobus “Qırmızı körpü”də saxlanılaraq, yoxlanılır. Zəvvar deyib ki, saat 13:00 radələrində Azərbaycan sərhədinə çatsalar da, sərhəddən buraxılmayıblar: “Bir neçə saat nə baş verdiyini anlamadıq. Sonra hərbi qulluqçular dedilər ki, zəvvarları gətirən avtobusların bir neçəsində vəhhabi təriqətinə aid ədəbiyyat tapılıb və hazırda axtarış tədbirləri davam etdirilir”.


R. Bayramovun sözlərinə görə, hazırda 300-dək zəvvar keçid məntəqəsində yoxlamaların nəticəsini gözləyir: “Bəllidir ki, Səudiyyə Ərəbistanı vəhhabiliyi təbliğ edən dövlətdir. Həmin ölkənin sərhədini keçəndə zəvvarlara Qurani-Kərim və dini kitablar hədiyyə edilib. Aydın məsələdir ki, onlar öz əqidələrinə uyğun kitablar paylayırlar. Amma biz ərəb dilini bildiyimizdən həmin kitabları yolda atmışıq. Ərəb dilini bilməyənlər isə həmin kitabları özü ilə gətirir. Ola bilər kimsə qadağan olunmuş ədəbiyyat gətirir. Biz də inkar etmirik ki, zəvvarların içərisində vəhhabiliyə meyllilər var. Amma bu məsələdə cavabdeh şəxslər aşkarlanıb, üzə çıxarılmalıdır. Nəyə görə kiminsə günahından biz evimizə getməməliyik”.


QMİ-dən isə APA-ya bu barədə məlumatsız olduqlarını və məsələni araşdıracaqları bildiriblər. Qurumdan həmçinin sərhəddə yoxlamaların keçirilməsini normal prosedur olduğu qeyd olunub: “Hər bir ölkənin sərhədində bu cür yoxlamalar aparılır və burada qeyri-adi heç nə yoxdur”.

İdarədən təyyarə ilə Həccə gedən zəvvarların hamısının artıq Vətənə döndüyü, ziyarətə avtobuslarla gedənlərin qayıdışının isə davam etdiyi vurğulanıb.