İstanbulda Atatürk Hava Limanında baş verən terror hadisəsində rəsmi məlumata görə, 36 nəfər ölüb, 147 nəfər yaralanıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, dünya ulduzları ilə yanaşı, yerli tanınmışlar da qardaş ölkəyə başsağlığı verərək, sosial şəbəkədə bununla bağlı paylaşımlar ediblər.
Əməkdar artist Lalə Məmmədova terroru lənətləyib:
"Nə qədər deyəcəyik "Terrora lənət" və ya "Başın sağ olsun, Türkiyə"? Özümüzü nə qədər aldadacağıq? Dünyanın ən gözəl, tarixi zəngin ölkəsi olan Türkiyə buna layiq deyil. Bunun bir sonu olmalıdır. Atatürk Hava Limanında hər birimiz ola bilərdik. Belə ölümü, qisməti həzm edə bilmirəm. Səbr, səbr, yenə də səbr".
Aparıcı Xoşqədəm Hidayətqızı: "Canım Türkiyəm, sən daha nə qədər göz yaşı tökəcəksən? Bu qatillərə layiq olduqları cavab verilməyəcəkmi? Hər gün partlayış, hər gün... Bəsdir artıq. Başımız sağ olsun", - deyə bildirib.
Aparıcı Kamilə Babayeva da qardaş ölkəyə başsağlığı verib:
"Nə qədər olar axı... İnsanlara bir rahat, hüzur dolu gün niyə yoxdur? Ürəyimiz sizinlə döyünür, Türkiyə. Allah ölənlərə rəhmət, ailələrinə səbr versin".
Milli.Az
















