Aparıcı Xoşqədəm Hidayətqızı ANS televiziyasının yayımının dayandırılmasına münasibət bildirib.
Axşam.az-ın məlumatına görə, bir müddətdir "Xəzər TV"də işə başlayan aparıcı ANS-in yayımının dayandırılması xəbərinə sevinənləri qınayıb:
“İki gündür Arda bir az rahatsız və yollar… Dünən axşam otelə yerləşdik və nəhayət ki, mən də imkan tapdım iki gün sonra sosial şəbəkələrə göz gəzdirim. Statusların böyük əksəriyyəti ANS-in bağlanması ilə əlaqədardır. Kimisi bu addımı pisləyir, kimisi də... Bax bu ikincilər ki, var onların o sevinc yağan statuslarını oxudum və açığı üzüldüm. Niyə sevinirsinız? Nə olub? Dostlar, niyə biz yıxılanı baltalamaq üçün məqam gözləyirik, axı niyə?
Bilirsiniz nəyi xatırladım?! “Səni axtarıram” bağlanmadan üç gün öncə tanıdığım bir şəxslə danışırdım, mənə və proqrama təriflər yağdırır, hətta dedi “Səni axtarıram”ın əhəmiyyəti ilə bağlı bir yazı hazırlamaq istəyir. Dedim sağ ol, istəmirəm yazma, onsuz da bilən bilir. Üç gün sonra “Səni axtarıram” bağlandı və həmin adam mənim və proqramın əleyhinə elə bir yazı yazmışdı ki,.. Gözlərimə inanmadım. Yəni mən bu halları görmüşəm, yaşamışam. Cavab belə verməmişəm, vermərəm də. Ancaq bu olay fərqli bir olaydır. Dayana bilmədim, yazmaq istədim. Təbii ki, bu günlər arxada qalacaq və hər şeyi qoyaq bir kənara, bu olaya sevinənlər, unutmayın, orda yüzlərlə insan çalışır, evinə çörək aparır. Belə çıxır onların ailəsinə çörək pulu apara bilməyəcəyinə sevinirsiz.
Qısası, yıxılanı baltalamaq çox asandır. Məsləhətim, yıxılanı baltalamayın!!!”