25 il əvvəl MDB Hərbi Hava Qüvvələrinin bazasından Azərbaycanın üçün ilk hərbi təyyarənin qaçırılmasını təşkil etmiş polkovnik Akif Hacıyev bu əməliyyatdan sonra başına gələnlərdən və həyata keçirdiyi əməliyyatlardan danışır.
YENİ RƏİSİN BAŞ TUTMAYAN PLANI
- Təyyarə əməliyyatı başa çatdı. Amma həyat davam edirdi. Bundan sonra da əməliyyatlar çox oldu.
- Bundan sonra mənə qarşı əməliyyat hazırlanırdı.
- Kim?
- Yeni rəisimiz. Hakimiyyət dəyişəndən sonra Məmməd Zeynalov bizim idarənin rəisi oldu. Bir gün mənə səs yazısı gətirdilər.
- Rəisin?
- Hə. Deyirdi ki, Akifi qarşıma dizin-dizin gətirəcəm. Məni həbs eləmək istəyirdi.
- Bəs Siz neynədiz?
- Heç nə. Gəldim oturdum evdə. Gözləyirdim ki, görüm mənim haqqımda nə qərar verəcək, neynəyəcək?
- Sonra?
- Abdulla Allahverdiyev zəng vurdu mənə. Dedi “Akif, bir get kolonda rəis kimi on gün işə çıx, sonrası sənlik deyil”. Dedim, yox. Həyatımda bircə dəfə o kişinin sözünə “yox” dedim. Söhbət onda deyil ki, o rəisim olub, nazir müavini idi. Söhbət ondan gedirdi ki, Abdulla müəllimə mən heç vaxt yox deməmişdim və demədim də. Çünki gözəl insan idi. Amma nə qədər məni dilə tutdu, dedim yox. Axırda dedi “beş gün rəis kimi çıx işə, heç nə eləmə, iki saat şəxsi heyəti yığ, tapşırıqlar ver, gəl evə”. Dedim “yox, qoy nə bilir eləsin”.
- Bəs sonra nə baş verdi?
- Bir müddətdən sonra Abdulla müəllim yenə zəng vurdu. Soruşdu “nə işin var?” Dedim “heç nə”. Dedi hazırlaş, gəlirəm, gedirik cəbhə bölgəsinə.
QEYRİ-RƏSMİ ŞƏXS
- Nəsə təklifi vardı?
- Maşınla gəldi, Yola düşdük Ağdama.
- Ağdamda nə oldu?
- Daxili Qoşunların Ağdamda komandiri vardı...
- Şabanov?
- Hə. Şabanovu, polkun komandiri Faiq Baxşəliyevi, bir də rəis Rəşid Məmmədovu topladı. Onda bildim ki, məni bura niyə gətirib. Dedi ki, bundan sonra Akif Hacıyevin əmri mənim əmrimdi, Akif Hacıyevin sözü mənim sözümdü. Vəssalam. Başladıq işləməyə.
- Bəs hansı vəzifəni tutdunuz? Nə adla onlar Sizə tabe oldu?
- Heç hansı vəzifəm yox idi. Sadəcə orda Daxili İşlər Nazirliyinin qüvvələrini koordinasiya etməli idim.
- Qeyri-rəsmi?
- Qeyri-rəsmi niyə? Nazir müavininin tapşırığı ilə. Ağdam-Ağdərə istiqamətinə Abdulla Allahverdiyev cavabdeh idi. Onun yerinə rəhbərliyi mən etməliydim.
- Və bununla da Sizə qarşı qurulan plan qüvvədən düşmüş oldu?
- Hə.
İsgəndər Həmidovun təyinatı
- Sonra Siz polis rəisi də olmusuz deyəsən?
- Hə. İllər sonra İsgəndər Həmidov anamın yas mərasimində mənə dedi ki, mənim səni yalnız rəis təyin etməyə gücüm çatdı. Məmməd Zeynalov Əbülfəz Elçibəyin də qulağını doldurmuşdu, məni həbsə göndərmək istəyirdilər. Abdulla müəllim cəbhə bölgəsinə aparmaqla məni xilas eləmək istəmişdi. Amma heç vaxt demədi ki, bizim gücümüz çatmır, səni həbs edəcəklər. Abdulla müəllim nazir təyin olunan kimi yenə məni axtardı.
- Rəis işlədiyiniz müddətdə Ələkrəm Hümbətovun qiyamçıları ilə də ciddi qarşıdurmanız olub. Bir xeyli adamı tərksilah eləmisiz...
- Ələkrəmi çoxdan tanıyırdım. O da məni yaxşı tanıyırdı. Bilirdi mən kiməm. (Gülümsəyir.)
- Nə mənada?
- Bu başqa söhbətdi. O, cavanlıqdan məni tanıyırdı. Yadında qalmışdım.
- Həmin vaxt Cəlilabadda rəisi işləyirdiz?
- Hə. Orada vəziyyət pis idi. Abdulla Allahverdiyev məni çağırdı. Dedi, Cəlilabadda vəziyyət ağırdı. Ora kimi rəis göndərək, vəziyyəti düzəltsin? Məndən əvvəl Mətləb müəllim bir ay işlədi. Ayağını sındırdılar getdi. Məndən əvvəl Vaqif Xanlarov gedib ora iki ay işləyib. Bir başqası 20 gün işləyib. Abdulla müəllim də məndən soruşdu ki, kimi göndərək ora? Düşünmədən dedim “məni”. Əvvəl razılaşmadı. Gecə saat 1-də əmrim verildi. Səhər saat 9-da getdim Cəlilabada.
- Ələkrəmlə burada yenidən rastlaşdınız?
- Bir gün xəbər gəldi ki, cəbhə bölgəsindən kolon çıxıb. Ələkrəm qoşunun çəkir geri. Gedirlər Lənkərana. Qarşısını kəs. 4-5 saat yolda saxla. Yol üstündə olan rayonlara zəng vurdum ki, öyrənim hardadılar. Heç kim heç nə demədi. 12 tank, “Qrad” qurğuları olan maşınlar. Bu boyda kolon gəlir, kimdən soruşdum, dedi, elə şey yoxdur. İndi ad demirəm, amma o rayonların rəisləri informasiyanı verməyə belə qorxurdu. Şəxsi heyəti yığdım. Tapşırdım ki, hamı hazır olsun. Tapşırdım ki, 10 KamAZ daş gətirin, körpünün üstünə tökün. Özüm də çıxdım yola. “QAİ”-nin rəisi vardı Məmmədov Əhməd. Yaxşı oğlandı, yaxşı da maşın sürürdü. Dedim “sür”. Bir də gördük kolon gəlir. Alarda saxladıq. Əhməd dedi, rəis, “kəlimeyi-şəhadətini de”. Dedim, “Əhməd, yalan nə deyim, bilmirəm”. Maşından düşdüm. Başımın üstündən güllə atdılar. Sonra ayağımın altına. Gördülər tərpənmirəm. Bir də gördüm kimsə qabaqdakı maşından düşüb mənə tərəf gəlir. Gəldi yaxınlaşdı salam vedi: “Rəis, məni tanımadınız? Mənə 3 otaqlı ev vermisiz” - deyəndə bunu tanıdım. O vaxt bizdə işləmişdi, Mikayıl. Mən də onun ev almasına kömək etmişdim. Sən demə, Ələkrəmin “müdafiə naziridi”. Məni görüb, əvvəl düşməyib. Sonra əlacı kəsilib, düşüb. Mikayıl Rusiyadan göndərişlə Azərbaycana gələndə kasıb uşaq idi. İndi Ələkrəmin ikinci adamıdır. Dedi “rəis, qurban olum, çəkilin”. Bildirdim ki, sən məni tanıyırsan, qayıdın geri. Əhməd də ona talış dilində deyir ki, adə bu sənə çörək verib, indi bunun üzünə qayıdırsan? Bu vaxt da yollara daş tökülür.
- Qayıtdılar?
- Yox. Bir də gördük helikopter gəlir. Bir general düşdü, bir az keçdi, dedilər buraxın. Amma 15-16 saat ləngidilər. Mənə tapşırılanı yerinə yetirmişdim.
- Ələkrəmin adamlarını necə tərksilah elədiniz?
- Nazirlikdə iclas oldu. Tənqid elədilər ki, işinizin öhdəsindən gələ bilmirsiniz. Dedim səlahiyyət verin. Axı baş nazir, nazirlər gəlir Ələkrəmin yanına, orda müşavirə keçirir, mən necə hərəkət edim? Dedilər, get tərksilah elə. Dedim baş üstə. Gecə burdan çıxdım.
- Lənkərana?
- Yox. Şorsuluda onların tankla, zenit pulemyotu ilə qorunan bir postu vardı. Mən burdan çıxdım. Xəbər elədim ki, oradan da müəyyən qüvvələr gəlsin. Bir güllə atmadan tərksilah elədim. Oradan keçdim Biləsuvara. İndi ad çəkmək istəmirəm, bəziləri tərəddüd edirdi. Məsuliyyəti götürdüm öz üzərimə. Amma polisdə tapşırdım ki, yer hazırlayın. Tərksilah edəndən sonra onları saxlamağa yer olsun. Ələkrəmin orda da nə qədər silahlısı vardı, bir güllə atmadan tərksilah elədim. Cavan uşaqlar idi. Hərəsinə bir-iki şillə vurdum, dedim ağıllı olun. Sizə əmr veriblər. Amma bir baxın görün nə əmri yerinə yetirirsiz. Bakıya məruzə elədim. Bir az təəccübləndilər ki, bəs bu vaxta qədər kimi gözləyirdiz?
- Ələkrəmlə sözünüz bundan sonra çəpləşmişdi?
- İcra başçısını həbs eləmişdim. Rəhim Nuriyevi. Qanunsuz silaha görə. Fövqəladə vəziyyət rayonunun komendantı idim. İcra başçısına dedim ki, Sizdə silah var, təhvil verin. Bu da birmənalı təkzib elədi. Amma mənim mənbəm deyir axı var. Saldım içəri. Ələkrəm zəng vurdu ki, sabah gəlib onunla görüşəcəm, günahı yoxdusa buraxacaqsan, günahı varsa, saxla. Guya mən onu talış olduğuna görə tutmuşam. Ələkrəm mənə deyir ki, talış xalqının nümayəndələri gəlib ali baş komandanın yanına, özünə deyir ali baş komandan, guya o qərəzli tutulub. Dedim “gəlmə, görüş olmayacaq”. Gecə qoydum maşına, göndərdim Bakıya. Səhər Ələkrəm gəldi. Dedim yoxdu, yolladıq Bakıya. Özündən çıxdı. Şəxsi heyəti qaldırdım. Baxdı ki, vəziyyət gərgindi, qayıtdı getdi.
KATEXDƏN PANKİSİ DƏRƏSİNƏ UZANAN İZ
- Şimal rayonlarında da əməliyyatlar keçirmisiniz?
- Balakındə Katex hadisələri yadınızdadı? 2001-ci il iyunun 5-dən 6-a keçən gecə.
- Bəli.
- O zaman çox səs-küy qoparmışdı. Mən də getdim. Məsələnin izləri Pankisi dərəsinə gedirdi. Nəsə etmək lazım idi.
- Getdiniz Pankisi dərəsinə? Xarici dövlətdə əməliyyat aparmaq çətin deyildi?
- Yox, əməliyyat keçirmirdim. Amma əməliyyat keçirdiyimiz vaxtlar da olub. Heydər Əliyevin adı gələndə Gürcüstanda bütün qapılar üzümüzə açılırdı. Daxili işlər naziri məni qapıda qarşılayırdı. Şevardnadze tapşırmışdı. Amma Pankisi dərəsinə Gürcüstan hökumət özü də girə bilmirdi. O vaxtkı nazir müavini Zahid Dünyamalıyev mənə Pankisi dərəsinə getməyi qadağan eləmişdi. Çox təhlükəli idi.
- Pankisi dərəsi və Katex hadisələrinin necə əlaqəsi vardı?
- Hadisədən sonra təcili əməliyyatlar keçirdik. Hadisə olmuşdu gecə 1-in yarısı. Səhər saat 6-da mən olmuşam orda. Hadisəni törədənləri Azərbaycana keçirən bələdçini tapdım. İp ucunu o verdi. Dedi ki, həmin adamlar dedikləri vaxtdan 4 saat gec gəlib. Və bildiriblər ki, polis onları saxlayıb. Bələdçiyə artıq gözlədiyinə görə pul vəd etsələr də verə bilməyiblər. Çünki polis nələri var alıb. Silahlarını da pullarını da. Üstəlik də pasportlarını götürüb. Amma pasportlarının sürətini çıxarıb qaytarıb. Deməli, gürcü polislərdə adamların şəkli, adı var. Amma gürcü polisi bunu verərmi?
- Niyə verməsin? Axı dediniz ki, Şevardnadze işləməyiniz üçün şərait yaratmışdı.
- Məsələ ondadır ki, bu polislər əllərində olan materialları versələr, cinayət etdiklərini etiraf etmiş olacaqdı. Buna görə də gizlədə bilərdilər. Onlar nə bilərdi ki, bunlar dövlət çevrilişinə hazırlaşır?
- Deməli pasportların sürətini versələr cinayət işi qaldırıla bilər?
- Qaldırıla bilər yox, qaldırılacaq.
- Pasportların sürətini ala bildiniz?
- Hə aldım. Bundan sonra işimiz asanlaşdı. Artıq əlimizdə cinayətkarların adı, şəkli vardı.
QALMAQALLI HƏBSLƏR
- Surət Hüseynovla təyyarə qaçırılan zaman yox, sonra görüşmüsüz...
- Onu Rusiyadan gətirəndə.
- Bir vaxtlar təyyarəni etibar etdiyiniz şəxsi indi həbs etməli idiniz.
- Bilirsiniz, mən öz işimi görmüşəm. Bəli, Surət Hüseynov təyyarənin və o uşaqların qayğısına qalırdı. Nə lazımdısa, edirdi. Amma vaxt gəldi ki, onu həbs etmək və Azərbaycana gətirmək tapşırığı verildi mənə. Mən bunu etməliydim və etdim.
- Başqa kimlərin Azərbaycana gətirilməsində iştirakınız olub?
- Rəhim Qazıyev, İlqar Səfixanov... Çox olub.
- Bəs bu əməliyyatlarda maraqlı məqamlar olub?
- İşimizi elə görürdük ki, hər şey sakitcə səs-küysüz olurdu.
- Amma Sizə bir çox səs-küylü cinayət işlərinin araşdırılması da tapşırılıb...
- Hə... Əli Ansuxskinin işini mənə tapşırdılar. Heydər Əliyev bu işin ən xırda detallarına qədər araşdırılmasını tapşırmışdı. Birinci dəfə bu işə görə prezident mənə şəxsən təşəkkürünü bildirdi.
DAHA BƏSDİ
- İşiniz rəhbərliyi qane edirdi?
- Etməsəydi işləməzdim ki.
- Amma 2005-ci ildə Sizi uzaqlaşdırdılar.
- Xeyir. Mən özüm istəmədim. Bu, mənim qərarım idi. 2005-ci ildə. O məlum hadisədən sonra. (Hacı Məmmədov işindən sonra – A.Q.) Üç adam eyni gündə raport yazdıq. Dünyamalıyev, Nəsirov və mən. Məhkəmədən sonra nazir Ramil Usubov Dəmir Bayramovu evimə göndərdi. Bildirdilər ki, qayıtsın öz yerinə, Vilayət Eyvazovla birlikdə əməliyyat-axtarış işinin təşkil olunmasında kömək eləsin. Minnətdarlıq elədim, dedim çox sağ olun, amma daha bəsdi...
Asəf Quliyev,
(Xüsusi olaraq Lent.az üçün)
