Azərbaycanlı yazıçılar yayı harada keçirəcək?

Yazıçıların, şairlərin adətən işdən başları açılmır. Amma yay aylarının yaxınlaşdığı bu günlərdə ədəbi mühitin harada istirahət edəcəyi maraq doğurub.

Metbuat.az söz adamlarına aldığınız məvacib yay tətilini xaricdə keçirməyə çatarmı, ümumiyyətlə bu yayı harada keçirəcəksiniz sualı ilə müraciət edib:

Yazıçı Pərviz Cəbrayıl: “Sözün düzü, mən bu il yayın gələcəyinə ümidimi tam itirmişəm. Ona görə yay istirahəti haqda heç düşünmürəm də. Məvacibim isə heç öz rayonumuzda istirahət etməyə də çatmaz. Yəni, yaşamağa çatır, istirahətə, xüsusən xaricdə istirahətə yox. Ümümiyyətlə, istirahətin nə olduğunu 1992-ci ildən bəri bilmirəm. Məzuniyyətim olanda da onu romanımı yazmağa sərf edirəm və yenə tam yorulmuş halda şəhərə, iş başına qayıdıram. Bu yaşacan sanatoriya, istirahət görməmişəm. Məzuniyyət əldə edə bilsəm, yenə yazmağa gedəcəyəm. Əslində, ondan böyük bir istirahəti təsəvvür də etmirəm...”

Yazıçı Mirmehdi Ağaoğlu: Bu yayı çox güman ki, Bakıda keçirəcəm. Mənə yayda dincəlmək üçün günəş, dəniz və qum bəs edir. Qısası, üzümü tutacam çimərliyə. Gəlin hamılıqla dua edək ki, şənbə-bazarlar günəşin istirahər günləri ilə üst-üstə düşməsin, dənizə gedə bilək.

Şairə Rəbiqə Nazimqızı: “Qonorarları vaxtında ala biləsən ki, Türkiyəyə, ya da Gürcüstana bir-iki həftəlik səfərə çata. Açığı, yalnız maaşla bu riskə getmək istəmirəm. Hələ bir qərara gəlməmişəm və bir-iki xırda problem var ki, istirahətdən öncə onları həll etməliyəm”.

Şair Aqşin Evrən: “Çatmaz, amma Azərbaycan insanı əlində olan 5-3 manatı dartıb uzatmağı bacarır deyə, fikirləşirəm ki, bu ya Türkiyə, Gürcüstan və Rusiyaya gedim. Ümumiyyətlə, indi bu yayı harada keçirmək haqda yox, bu ömrü harada keçirmək haqda fikirləşirəm”.

Yazıçı Ayxan Ayvaz: “Səyahəti, gəzməyi çox sevirəm. Ancaq heyif ki, imkanım çox deyil. Yay istirahətini həmişəki kimi Tiflisdə keçirməyi planlaşdırıram. Ola bilsin, Rusiyaya da getdim. Azərbaycanın hansısa rayonu da ola bilər. Məsələn, Lənkəran. Gözlərim yaşıllıq üçün darıxıb. Görək...”

Yazıçı Ömər Xəyyam: “Maaş və qonarar tətil üçün bəs edir. Hələki film çəkilişləri ilə bağlı fəslin iki ayını Bakıda qalmaq məcburiyyətindəyəm. Növbəti ayın 10 gününü Çexiyada, 10 gününü isə Hollandiyada keçirmək planım var. İki dostuq, belə qərar verdik. Ola bilər, 15 günlük Finlandiyaya getdik. Yerdə qalan günləri isə İsmayıllıda olacam”.

Yazıçı Kəramət Böyükçöl: “Aldığım nəvacib nəinki Azərbaycanda, heç evin içində məni dolandırmır. Ona görə də yayda Şamaxıya, qaynatamgilə getməyi, orda dincəlməyi düşünürəm”.

Şair Oğuz Ayvaz: “Aldığım məvacib təbii ki, yay tətilimi qarşılaya bilməz. Ancaq yaşamaq üçün mütləq xarici ölkələr getmək gərəkmir. Yay tətilimi bir dəniz kənarında da keçirə bilərəm. Bir balaca daxmam, sevdiyim qadın da yanımda olsun, dənizdən balıq tuta-tuta, çimə-çimə yayı keçirtmək olar. Bu yay çox güman ki, Rusiyaya getmək istəyirəm. Böyük yazıçıların vətənində olmaq maraqlı olar. Qismət olsa gedəcəyik”.

Dilarə Zamanova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR