Əbülfəs Qarayev gürcüstanlı nazirlə görüşdü

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb.

Metbuat.az xəbər verir ki, 2017-ci ilin 14 may tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı ölkələr arasında turizm sektorunda ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunmuş, gələcəkdə bu sahədə əlaqələrin daha da genişləndirilməsi üçün birgə işlər görülməsi barədə fikir mübadiləsi aparılmışdır.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria Azərbaycanda bu sahədə aparılan yeniliklərdən məlumatlılığını bildirərək, Azərbaycanın turizm istiqamətində geniş perspektivlərə malik olduğunu bildirib. Nazir Gürcüstanda həyata keçirilən layihələr haqqında məlumat vermiş, dağ-xizək, sağlamlıq, termal turizm növlərinin inkişafından bəhs edib.

Nazir Əbülfəs Qarayev Gürcüstanın regionda turizm klasteri kimi mühüm rol oynadığını qeyd etmiş və bu sahədəki təcrübənin ölkəmiz üçün müsbət nümunə olduğunu bildirib. Birgə əməkdaşlığın genişlənmdirilməsi, qarşılıqlı layihələrin həyata keçirilməsindən məmnunluğunu ifadə edən nazir, ölkəmizdə inkişaf edən dağ-xizək, sağlamlıq turizm növləri haqqında məlumat verib. Nazir Şahdağ Turizm Mərkəzinin imkanlarından söz açmış və təklif edib ki, bu istiqamətdə iki ölkəni əhatə edən turlar təşkil olunsun. Sağlamlıq turizminin ölkədə geniş inkişaf perspektivlərinin olduğunu qeyd edən nazir Əbülfəs Qarayev Naftalan, Qalaaltı kimi sanatoriyaların müalicəvi əhəmiyyətindən bəhs edib. O bildirib ki, hal-hazırda bu sahənin təkcə ölkə daxilində deyil, eləcə də dünya miqyasında tanıdılması istiqamətində işlər aparılır. Buna misal olaraq, Qalaaltı sanatoriyasının Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının üzvlüyünə daxil olduğunu və 2018-ci ildə Assosiasiyanın Baş Assambleyasının Qalaaltıda keçiriləcəyinə nail olunduğu haqqında məlumat verib. Azərbaycanda ilk dəfə olaraq keçirilən Şopinq Festivalı haqqında ətraflı məlumat verən nazir, növbəti festivallarda qonşu Gürcüstanın turistlərini iştiraka dəvət edib.

Görüşdə ölkələr arasında turizm sahəsində birgə turizm məhsullarının hazırlanması, turizm şirkətlərin birgə əməkdaşlığının genişləndirilməsi istiqamətində işlər aparılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

Gürcüstanın naziri qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirmiş və gələcək əməkdaşlığın uğurlu nəticələr verəcəyinə inamını ifadə edib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR