"Kürdüstan" region üçün hansı təhlükə yaradır?

Bütün etirazlara baxmayaraq, Şimali İraq Kürd muxtariyyəti müstəqillik referendumunu keçirdi.

Metbuat.az-ın məlumatına görə, rəsmi nəticələr 72 saat ərzində açıqlanacaq, amma ilkin nəticələr artıq məlumdur. İlkin nəticələrə görə, böyük əksəriyyət referenduma “hə” deyib. Vəziyyət gərgin olaraq davam edir.

Bəs, bundan sonra regionu nələr gözləyir? Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Arzu Nağıyevin sözlərinə görə, Orta Şərqə nəzər salsaq görərik ki, bu referendum, İsrailin ən böyük istəklərindən biri idi: “Bura həm İraqın ərazisidir, həm Suriyanın, eyni zamanda Türkiyə ilə sərhəddir. Sabah hər hansı bir problem yaransa, bu zaman ABŞ və İsrail özünün hərbi avadanlığını ora yerləşdirə bilər. Bu isə bütün regiona nəzarət deməkdir. Bunu da ABŞ daima dəstəkləyir, düşünürəm ki, bununla bağlı müvafiq addımlar da atılacaq. Artıq bəzi mesajlar da verilir ki, yeni yaradılacaq Kürdüstanda ABŞ nümayəndəsi də olacaq. Problemlərdən biri İrana qarşıdır. Bildiyiniz kimi, İsrail İranın ən böyük düşmənlərindən biridir. Bu da hər hansı müsbət məsələdən xəbər vermir. Digər tərəfdən Rusiya da Kürdüstan dövlətinin yaranmasında maraqlıdır. Həmin Kürdüstan dövləti vasitəsilə regiona müəyyən qədər nəzarət edə bilər. Ümumi belə bir nəticəyə gəlmək olar ki, bu, “Orta Şərq layihəsi” adlandırılan məsələnin tərkib hissəsidir. Düşünürəm ki, buna nail olmaq üçün Qərb və digər dövlətlər mesaj versələr də, bunun əvvəl-axır olacağı bilinirdi. Problemli məsələlərdən biri də odur ki, əgər kürdlər bu referenduma getdilərsə, Kərkükdə yaşayan digər etnik qruplar da İraqı parçalamaq üçün referenduma gedə bilərlər. Bir problem də, onların neft borusu və qaz kəmərinə nəzarəti əllərində saxlaya biləcəkləridir”.


Politoloq deyir ki, yeni dövlətin yaranmasının Dağlıq Qarabağ məsələsinə problem yaradacağı ilə bağlı məlumatlar yayılsa da, bu, inandırıcı görünmür: “Düşünürəm ki, bu, tamam başqa məsələdir, Dağlıq Qarabağ isə tamam başqa. Problem olsaydı, Abxaziya, Cənubi Osetiya buna misal olardı".

Günay Elşadqızı \ METBUAT.AZ

Referendumun ilkin nəticələri açıqlandı - Kərkük qarışdı... - OXUMAQ ÜÇÜN TIKLA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı