İraqdakı son qalası olan Havicanı iki gün öncə itirən İŞİD terror təşkilatının sonu yaxınlaşır.

Metbuat.az-ın məlumatına görə, terror təşkilatı İraq-Suriya sərhədinin yaxınlığındakı Fərat çayı sahilində çətin vəziyyətdə qalıb. İndi onların əllərində heç bir şəhər, rayon, kənd və ya qəsəbə qalmayıb. Qaçmaqdan başqa əlacı qalmayan terrorçular mühasirəyə alınıblar. Yaxın Şərqdə 3 ildən çox kabusa çevrilən və 30-dan çox ölkəni qana bulayan terror təşkilatının sayılı günləri qalıb.

Qeyd edək ki, 17 oktyabr 2016-cı ildə beynəlxalq koalisiyanın terror təşkilatına qarşı başladığı əməliyyat 1 il ərzində İŞİD-i məhv etməyə bəs edib. Həmin tarixdə Mosula hücuma başlayan İraq ordusu və polis qüvvələri 265 günlük müharibədən sonra şəhəri terrorçulardan tamamilə təmizləyə bilib.

Yaxın Şərqin qərb hissəsində terrorçuların ən əhəmiyyətli mərkəzi sayılan Əl-Bab isə fevralda Türkiyənin “Fərat Qalxanı” əməliyyatı ilə azad edilib. Əl-Babı itirmək İŞİD üçün böyük itki olub və sürətlə şərqə doğru çəkilməyə başlayıblar.

İraq ordusu Mosuldan sonra avqustda türkmən şəhəri Təlafiri də İŞİD-dən azad edib. İki gün əvvəl Kərkükün qərbindəki Havica şəhərini də itirən İŞİD, bununla da bütün gücünü itirmiş hesab edilir.

Sentyabrın sonunda İraq ordusu Əl Qaimin də azad edilməsi üçün yeni əməliyyata başlayıb. Rusiyanın dəstəklədiyi Suriya ordusu da şərq istiqamətindən İraq sərhədinə doğru hərəkət edir.

Günay Elşadqızı \ METBUAT.AZ