2001-ci il sentyabrın 11-də ABŞ tarixində ən ağır və bütün dünyanı dəhşətə gətirən terror aktı baş verdi. Dəhşətli terrorda 3000 insan həyatını itirdi.
Metbuat.az-ın məlumatına görə, səhər saatlarında “Boeing 767” tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, “Boeing 757” tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb. “Boeing 757” tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. “American Airlines” və “United Airlines” aviakompaniyalarına məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilib.
Məhz bu hadisədən sonra 2001-ci ilin 7 oktyabrında ABŞ terrora qarşı mübarizə adı altında Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar terror aktında ittiham olunan “Əl-Qaidə” təşkilatına və onları dəstəkləyən “Taliban” hərəkatına qarşı yönəlib. Daha sonra BMT Təhlükəsizlik Şurasının sanksiyaları əsasında ölkəyə NATO komandanlığı altında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri daxil olub. 2014-cü ildə NATO ölkələrinin döyüş kontingenti Əfqanıstandan çıxarılıb. 2015-ci il yanvarın 1-dən isə ölkədə hərbi əməliyyatların əvəzinə “Qətiyyətli dəstək” qeyri-döyüş missiyası başladılıb.
Bu il “Taliban” radikal hərəkatı ABŞ prezidenti Donald Trampa da məktub göndərərək hərbçilərinin tam şəkildə Əfqanıstandan çıxarılmasını tələb edib. “Taliban”, ölkədəki zorakılığın xarici qoşunların iştirakı ilə birbaşa əlaqəli olduğunu bildirib.
Qeyd edək ki, 2001-ci ildən hərbi əməliyyatlar aparan ABŞ-ın hazırda bu ölkədə 8400 hərbi qulluqçusu var.
Günay Elşadqızı \ METBUAT.AZ