İspaniyanın şimal-şərqindəki Kataloniya Muxtar Vilayətinin prezidenti Karles Puçdemon tək tərəfli müstəqillik açıqlamasından geri çəkilməyəcəklərini bildirib.

Metbuat.az-ın məlumatına görə, Puçdemon Kataloniyanın “TV 3” kanalına müsahibəsində deyib: “Biz buna birtərəfli müstəqillik bəyənnaməsi yox, müstəqillik elanı deyirik. Bu, qanunumuzda var və qanuna uyğun hərəkət edəcəyik”.

Puçdemon Qanunda yer alan “Referandumun nəticəsində “bəli” çıxarsa, rəsmi nəticələr əsasında 48 saatdan sonra müstəqillik elan edilir” maddəsinə uyğun hərəkət edəcəklərini bildirib: “İspaniya hökuməti ilə uzun müddətdir heç bir dialoq olmayıb. Çünki onlar müstəqillik mövzusunda danışmaq istəmirlər. Onların xoşuna gəlsə də, gəlməsə də Kataloniyada olanlar həqiqətdir. Milyonlarla adam referendumda səs verib. Onlar gələcəkləri ilə bağlı qərar vermək istəyiblər. İspaniya hökuməti başqa nə danışacağımızı düşünür ki? Hamımız səmimi olmalıyıq, Kataloniya haqqında danışmalıyıq”.

Puçdemon 10 oktyabr çərşənbə axşamı günü yerli parlamentdə müstəqillik elanı ilə bağlı səsvermənin olub-olmayacağı ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, referendum tərəfdarı olan Kataloniya Milli Assambleyası da çərşənbə axşamı müstəqilliyin elan ediləcəyini açıqlayıb.

Günay Elşadqızı \ METBUAT.AZ