Myanmarda ordudan və fanatik buddistlərdən Banqaldeşə qaçmaq istəyən arakanlı müsəlmanların gəmisi batıb.
Metbuat.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (İOM) sosial mediadan açıqlama yayıb. Məlumatda bildirilir ki, Myanmar-Banqladeş sərhədindəki Naf çayını keçərək Banqladeşə getmək istəyən arakanlı müsəlmanların gəmisi gecə saatlarında batıb.
Axtarış zamanı 10-u uşaq olmaqla 12 arakanlı müsəlmanın meyiti tapılıb, 13 nəfər xilas edilib. Hazırda itkin düşən 25 nəfər axtarılır.
Qeyd edək ki, Naf çayında 25 avqustdan bu yana bənzər qəzalar tez-tez baş verir. Şiddətdən qaçanlar çay və ya dəniz vasitəsilə keçmək məcburiyyətindədir. Bu səbəbdən, 1,5 ay içərisində minlərlə adam həyatını itirib. Bölgəyə giriş-çıxışa icazə verilmədiyi üçün ölənlərin sayını tam müəyyən etmək olmur.
Günay Elşadqızı \ METBUAT.AZ