Müstəqillik referandumunun ləğv edilməsi ilə bağlı Bağdad rəhbərliyinin tələbinin regional Kürd rəhbərliyi tərəfindən rədd edilməsindən sonra tətbiq olunan sanksiyalar qarşıdurma riskini artırıb.

Metbuat.az-ın məlumatına görə, referendum komissiyası və 10 millət vəkilinin həbs qərarından sonra toqquşmaların olacağı ehtimal edilir. İraqın hərbi əməliyyata hazırlaşdığı bildirilib. Bağdadın 10 kürd millət vəkili haqqında həbs qərarına reaksiya verən kürd rəhbərliyi bölgədəki ən üst qurumdakı “İraq” ifadəsini götürüb. “Kürdüstan Siyasi Rəhbərliyi – İraq” adı “Kürdistan Yüksək Siyasi Parlamenti” olaraq dəyişdirilib.

Bundan sonra, İraq ordusu 3 min nəfərlik heyəti Kərkükün 15 kilometrliyində yerləşən Tazehurma bölgəsinə yerləşdirib. İraq mərkəzi hökuməti Kərkük və Mosula hücum edəcəkləri barədə deyilənləri təkzib edib.

İraqın keçmiş xarici işlər naziri, Şimali İraq Kürd Muxtariyyətinin Yüksək Siyasi Məclis üzvü Xoşyar Zəbari bildirib ki, İran və Türkiyədən hər hansı hücum cəhdinin olacağını düşünmürlər: “Ancaq "Haşdi Şabi" qüvvələrinin bəzi bölgələrdə Peşmərgəni təhrik edəcəyini düşünürük”.

Zəbari, “Bağdad, Kərkükdəki neft yataqlarına hücum edə bilərmi?” sualına cavab olaraq bildirib ki, hər hansı bir hücum cəhdinə Peşmərgə qüvvələri və Kürdüstan bölgəsinin hökuməti səssiz qalmayacaq: “İraq qüvvələrinə güc tətbiq etmək istəmirik. Ancaq Peşmərgə qüvvələri bütün hücumlara cavab verməyə hazırdır. Bizə hücum edilsə, cavab verəcəyik”.

Qeyd edək ki, İraqın baş naziri Heydər əl-İbadinin üzvü olduğu İraq İslami Dava Partiyasının Kərkükdəki bürosuna silahlı hücum təşkil edilib. Kərkük polis səlahiyyətlisi Necdət Vendavi bildirib ki, hücum zamanı ölən və yaralanan olmayıb, ancaq partiya binasına zərər dəyib. Vendavinin sözlərinə görə, Kərkükdə son dövrlərdə türkmən siyasi quruluşlarına qarşı da bənzər hücumlar təşkil edilir. Vendavi əlavə edib ki, polis bölgədə təhlükəsizlik tədbirlərini artırıb.

İraqın Baş Qərargah rəisi Osman Qənimi ötən gün Bağdadda jurnalistlərin suallarını cavablandırıb. O, “Şimali İraq Kürd Muxtariyyətinin Kərkük və bəzi mübahisəli bölgələri ələ keçirmək cəhdlərinə qarşı İraq ordusu hansısa hərbi addım atacaqmı?” sualına cavab olaraq bildirib ki, “Kərkükdə türkmən, ərəb, kürd, xrisitan və digər azlıqlar yaşayır. Şəhərin təhlükəsizliyi İraq Konstitusiyasına uyğun təmin edilir. İraq parlamenti Kərkük xalqlarının təhlükəsizliyini təmin etmək üçün Baş nazir Heydər əl-İbadiyə tam səlahiyyət verib. Hər hansı əmr verilərsə, ordumuz əmrə uyğun addım atmağa hazırdır”.

Günay Elşadqızı \ METBUAT.AZ