İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi, ABŞ prezidenti Donald Trampın İranın İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına sala biləcəyi açıqlamasına münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, Salehi Londonda xarici jurnalistlərin ABŞ-la nüvə razılaşması və SEPAH-ın terror təşkilatları sırasına salına biləcəyi ilə bağlı sualları cavablandırıb.

O bildirib ki, Tramp bu barədə qərar qəbul edərsə, bu, müharibə elanı kimi başa düşüləcək: “Bunu ABŞ-ın İran xalqına qarşı düşmənçilik rəftarı kimi qəbul edəcəyik. Hər ölkənin ordusu və silahlı qüvvələri təhlükəsizlik və güvən yeridir. Bu səbəbdən, SEPAH terror təşkilatları sırasına salınarsa, bunu müharibə elanı kimi qəbul edəcəyik.

"ABŞ nüvə müqaviləsini pozarsa, beynəlxalq arenada doğuracaq nəticələrə də dözməlidir" deyən Salehi bildirib ki, İran, Amerikanın bu mövzuda atacağı addıma uyğun rəftar edəcək.

Salehi, P5 + 1 ölkələrilə 2015-ci ildə imzalanan nüvə sazişinin davam edə bilməsi üçün Avropadakı dəstək turları çərçivəsində İngiltərənin xarici işlər naziri Boris Consonla görüşüb.

Sabah isə Trampın ABŞ-ın nüvə razılaşmasına davam edib-etməyəcəyi ilə bağlı qərarınını açıqlayacağı gözlənilir.

Qeyd edək ki, İran ilə P5 + 1 ölkələri (ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya və Almaniya + AB) arasındakı nüvə sazişi 14 iyul 2015-ci ildə Avstriyanın paytaxtı Vyanada imzalanıb.

Günay Elşadqızı \ METBUAT.AZ