Suriya Demokratik Qüvvələri Raqqa şəhərinin İŞİD terrorçularından azad edilmsəi əməliyyatını tamamlamağa yaxın olduqlarını bildirib.
Metbuat.az-ın məlumatına görə, YPG terror təşkilatının sözçüsü Nuri Mahmud bildirib ki, İŞİD bu gün və ya sabah şəhərdən tam təmizlənəcək: “Raqqada qarşıdurmalar davam edir. İŞİD-i bitirmək üzrəyik. Bu gün və ya sabah şəhər tam azad edilə bilər”.
ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü Ryan Dillon isə yazılı açıqlamasında bildirib ki, son 24 saatda 100 İŞİD terrorçusu təslim olub: “Ancaq qarşıda bizi hələ də ciddi qarşıdurmalar gözləyir. Bu səbəbdən, şəhəri tam olaraq hansı gün azad edəcəyimizi deyə bilmirik”.
Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı, İŞİD terrorçularını və ailələrini təxliyə etmək üçün Raqqaya avtobus göndərildiyini açıqlayıb.
Qeyd edək ki, İŞİD-in özünə paytaxt elan etdiyi Raqqanın terrorçulardan azad edilməsi əməliyyatı iyun ayından bu yana davam edir.
Günay Elşadqızı \ METBUAT.AZ